Alpina şirkəti yenilənmiş BMW 5 Series sedan və universalı üçün təkmilləşdirmələr proqramını təqdim edib. Ənənəyə uyğun olaraq modelin benzin versiyası Alpina B5, dizel versiyası isə Alpina D5 S adlandırılıb.
Alpina B5 modeli 4,4-litrlik V8 mühərrikinin təkmilləşdirilmiş versiyası ilə təchiz edilir. Alpina mütəxəssisləri mühərriki təkmilləşdirilmiş soyutma sistemi, yeni interkulerlər, paslanmayan poladdan hazırlanmış buraxılış sistemi və idarəetmə blokunun yenilənmiş proqram təminatı ilə təchiz ediblər. Nəticədə mühərrikin hasilatı 621 at qüvvəsinə və 800 Nm fırlanma anına qədər artırılıb. Alpina B5 sedanı 100 km/saat həddinə sürətlənməyə 3,4 saniyə sərf edir və 330 km/saat maksimal sürət həddinə malikdir. Universalda bu göstəricilər müvafiq olaraq 3,6 saniyə və 322 km/saat təşkil edir.
Alpina D5 S modelinin 3,0-litrlik sıralı altısilindrli dizel mühərriki də, V8 mühərriki kimi təkmilləşdirilmiş soyutma sisteminə, paslanmayan poladdan buraxılış sisteminə və proqram təminatı yenilənmiş idarəetmə blokuna sahib olub. Dizel mühərrikinin hasilatı 408 at qüvvəsi və 800 Nm fırlanma anı təşkil edir. D5 S sedanı 100 km/saat həddini 4,4 saniyəyə toplayır və 286 km/saata qədər sürətlənir. Universal sürətlənməyə 0,2 saniyə daha çox vaxt sərf edir və 283 km/saat maksimal sürət həddinə malikdir.
Hər iki mühərrik 8-pilləli avtomatik transmissiya ilə təchiz edilir. Ötürmə - arxaya və ya tam ola bilər. Ötürmələr qutusu və tam ötürmə sistemi də təkmilləşdirmələrə məruz qalıblar.
Alpina mütəxəssisləri B5 və D5 S modellərini yeni adaptiv Bilstein amortizatorları, daha sərt yaylar, aktiv stabilizatorlar, həmçinin öndə dördporşenli supportları və 395 millimetrlik diskləri, arxada isə birporşenli supportları və 398 millimetrlik diskləri olan əyləc mexanizmləri ilə təchiz ediblər. Əlavə ödənişlə karbon-saxsı əyləc mexanizmlərini də quraşdırmaq mümkündür.
Universal modelləri arxa pnevmatik asqı ilə də təchiz edilə bilərlər. Bununla yanaşı, Alpina B5 benzin versiyası arxa təkərləri idarə edən elektromexaniki sükan sisteminə də sahib olub. Əlavə ödənişlə özüqapanan arxa differensialı təkcə benzin modifikasiyası üçün deyil, həmçinin dizel modfikasiyası üçün də əlçatandır.
Hər iki modifikasiya 40% böyüdülmüş hava girişlərinə malik olan yeni ön bamper və səsboğucu sistemin dörd çıxış borusu olan yenilənmiş arxa bamperlə təchiz edilir. Bundan başqa, B5 və D5 S modelləri üçün 20-düymlük firma təkər diskləri təklif edilirlər. Opsional avadanlıq siyahısına BMW Laserlight LED fənərləri daxil edilib. Salonun tərtibatı Alpina modellərinə xas olan üslubdadır - interyeri incə Lavalina dərisi ilə ülətmək olar. Yenilənmiş modelin virtual cihazlar panelinin qrafikası özünəməxsus tərtibata malik olub. Sükanın arxa hissəsində yerləşən ötürmələr qutusunun dəstəklərini əvəzləyən düymələr də qorunub salanılıbdır.
Alpina B5 və D5 S modellərinin Almaniyadakı satışlarına oktyabr ayında başlanmalıdır. B5 sedanı 117.700 avrodan, universalı isə 120.700 avrodan başlayan qiymətlərlə satılacaqdırlar. D5 S dizel modifikasiyası isə müvafiq olaraq 92.900 və 95.500 avroya təklif ediləcəkdir.