Alpina B8 GT modeli tamötürməli 4,4-litrlik V8 biturbo mühərrikinə malik olan BMW M850i xDrive Gran Coupe sedanının əsasında inşa edilib. Qeyd etmək gərəkdir ki, B8 GT Alpina şirkətinin müstəqil istehsalçı kimi buraxdığı son modeldir.
Alpina B8 GT sedanının kapotunun altında 634 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbo mühərriki yerləşib. BMW M850i xDrive Gran Coupe modelində bu mühərriki 530 at qüvvəsi və 750 Nm, GT prefiksi olmayan Alpina B8 modelində isə, 621 at qüvvəsi və 800 Nm hasil edir.
Səkkiz pilləli ZF “avtomatı” və tam ötürmə ilə birlikdə Alpina aqreqatı 100 km/saata 3,3 saniyəyə sürətlənməyə imkan verir - M8 Competition modelində olduğundan 0,1 saniyə daha yavaş. B8 GT sedanın maksimal sürəti kiçik B5 GT modeli ilə eynidir - 330 km/saat.
Sportkarın təchizatına karbonplastikdən hazırlanmış aerodinamik elementlər və Pirelli P Zero şinləri ilə təchiz edilən 21-düymlük Classic təkər diskləri daxildir. İnteryer əsl dəri və ağacla işlənib. Salondakı saxlanc bölməsinin qapağı, oturacaqların kürək hissəsi və qapı kandarlarda Alpina şirkətinin banisi Burkard Bovenzipenin imzası olan lövhələri görmək olar.
Alpina B8 GT 99 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılacaq, onlardan 20-də ikirəngli kuzov (mavi/yaşıl + qara) olacaq. Avtomobilin sahibi onunla birlikdə iki dəri çantanı və Carl F.Bucherer firmasının xronoqrafını alacaq.
Almaniyada ekstremal Alpina sedanı 225 min avroya satılacaq. İkirəngli boyanma sxemi isə, əlavə 11 500 avroya başa gələcək. Müqayisə üçün: BMW M850i xDrive modelinin qiyməti 134 900 avrodan, M8 Competition Gran Coupe modelinin isə, 180 500 avrodan başlayır.
2025-ci ilin sonuna qədər Alpina müstəqil istehsalçı kimi fəaliyyət göstərəcək, daha sonra isə, brendin hüquqları BMW AG konserninə veriləcək – alman brendinin Amerikadakı saytında Alpina brendi artıq əsas modifikasiyalarla yanaşı qeyd olunub.
Model çeşidi də dəyişəcək və Alpina çox yaxında tamamilə yeni bir xətti nümayiş etdirəcək. Yeni xəttin dizaynına Polestar brendinin keçmiş stilisti Maksimilian Missoni cavabdeh olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.