Alman Alpina şirkəti artıq öz brendini BMW konserninə satıb, lakin bu müqavilə yalnız 2026-cı il yanvarın 1-də qüvvəyə minəcəkdir. Həmin günə qədər BMW Alpina avtomobillərinin yaradılması və istehsalı Buxloe şəhərindəki ailə fabriki tərəfindən həyata keçiriləcəkdir. İndi isə Alpina növbəti yenilikləri - sedan və universal kuzovlu BMW Alpina B5 GT modelini təqdim edib.

Bu halda GT prefiksinin BMW markasının istehsal etdiyi Gran Turismo modeli ilə heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, Alpina heç vaxt belə liftbəkin təkmilləşdirilməsi ilə məşğul olmayıb. Yeni BMW Alpina B5 GT modeli BMW M550i versiyasının əsasında yaradılmış Alpina B5 S modifikasiyasının təkamülüdür. GT versiyası nəinki çeşiddə S-modifikasiyasını əvəz edib, həm də Alpina brendinin tarixindəki ən güclü model olub.

Lakin güc artımı elə də çox deyil. Dəyişdirilmiş qəbuletmə sistemi, artırılmış təzyiq və dəyişdirilmiş idarəetmə proqramı 4,4-litrlik V8 biturbo mühərrikinin gücünü 621-dən 634 at qüvvəsinə, fırlanma anı isə 800-dən 850 Nm-ə qədər artırmağa imkan verib. Yeni xüsusiyyətlərə uyğun olaraq, tam ötürmə sistemi və səkkiz pilləli “avtomat” da yenidən tənzimlənib. Lakin bu dəyişiklik dinamik xarakteristikalara təsir etməyib: sedan 100 km/saata 3,4, universal isə 3,6 saniyəyə sürətlənir. Maksimal sürət, müvafiq olaraq, 330 və 322 km/saatdır.

Digər təkmilləşdirmələr də var. GT versiyasının kapotunun altında gücləndirilmiş dayaqlar və fərqli ön stabilizator quraşdırılıb. Standart təchizata bahalı Nappa və ya Merinos dərisi ilə üzlənmiş oturacaqlar və transmissiyanın sükanaltı dəstəkləri (əvvəllər opsiya idilər) daxildir. Oturacaq başlıqlarında və sükanaltı  “ləçəklərdə” modelin indeksi həkk olunub. Nəhayət, mərkəzi tuneldə avtomobilin seriya nömrəsi olan lövhəcik var: cəmi 250 ədəd BMW Alpina B5 GT modeli buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq Avropada Alpina B5 GT modellərinə sifarişlər qəbul olunur, çatdırılmalara iyul ayında başlanmalıdır. Sedanın minimum qiyməti 145 500 avro, universalın isə 148 500 avrodur. Müqayisə üçün: adi BMW M5 sedanı (600 at qüvvəsi) 127,600 avroya satılır, lakin M5 universal kuzovu ilə buraxılmır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.