Avtomobil istehsalçısı statusuna sahib olan Alpina şirkəti BMW modellərinin tüninqi ilə məşhurlaşıb. Almaniyanın Buxloe şəhərində yerləşən şirkət, Münhen istehsalçısının avtomobillərinin təkmilləşdirilməsi işinə çox diqqətlə və konservativ şəkildə yanaşır. Məsələn, Alpina, Bavariya istehsalçısının təklif etdiyi krossoverlərdən yalnız X3 modelini uzun müddətdir ki təkmilləşdirməklə məşğuldur. X3 modelinin kupeşəkilli versiyası sayılan X4 modelinin bəxti isə, yalnız iki il bundan öncə "açılıb".
Alpina şirkəti BMW markasının flaqman krossoveri olan X7 modelinin təkmilləşdirilmiş versiyasının yaradılmasına bir il bundan öncə başlasa da,. krossoverin hazır variantı dünən, 19 may tarixində, BMW Alpina XB7 adı ilə təqdim edilib.
Alpina atelyesi hazırladığı X3 və X4 modellərini avropalılara ünvanlandığı üçün, əsasən dizel mühərrikləri ilə təklif edir. BMW Alpina XB7 krossoveri isə okeanın o tayına doğru istiqamət götürüb - buna görə də, krossoverin kapotunun altında təkmilləşdirilmiş 4,4-litrlik V8 biturbo mühərriki yerləşir. Eyni mühərrik ilə BMW Alpina B7 sedanı da təchiz edilir, lakin krossoverdəki mühərrik daha güclüdür: onun hasilatı 621 at qüvvəsi və 800 Nm fırlanma anı təşkil edir. Xatırladaq ki, standart BMW X7 M50i modelinin mühərriki 530 at qüvvəsi və 750 Nm fırlanma anı təklif edir.
Atelye mütəxəssisləri səkkiz pilləli "avtomatın" və ön ox qoşan muftanın tənizmləmələrini yeniləyiblər. Elektronika tərəfindən idarə olunan diferensial kilidi M50i modelinin baza təchizatına daxildir. Alpina XB7 modelinin standart təchizatına isə, adaptiv sükan mexanizmi də əlavə edilib. Asqı sistemi yeni amortizatorlara, yenidən tənzimlənmiş pnevmoballonlara sahib olub: ən ekstremal Sport + rejimində krossoverin klirensi avtomatik olaraq 40 millimetr azalır.
Standart M Sport əyləcləri öndə 395 millimetrlik, arxada isə 398 millimetrlik diskləri olan daha güclü Brembo mexanizmləri ilə əvəzlənib. Əlavə ödənişlə istiliyə davamlı qəlibləri olan havalandırmalı diskləri də sifariş etmək olar. Bundan başqa, krossover 21 və ya 23 düymlük orijinal təkər diskləri ilə təklif olunur.
Alpina XB7 modeli əlavə işləmələrə və süzən Alpina yazısına malik olan standart bamperləri, həmçinin dörd dəyirmi çıxış borusu olan orijinal səsboğucu sistemini əldə edib. Virtual alətlər paneli özünəməxsus rəng sxeminə sahib olsa da, onun qrafikasında dəyişiklik yoxdur. Krossoveri altı və ya yeddi oturacağı olan salon ilə sifariş etmək olar. İnteryerin üzlənməsi üçün incə Lavalina dərisindən istifadə edilir.
Bütün yeniliklər Alpina XB7 modelini donor BMW X7 M50i krossoverindən bir sentner ağır edib - modelin çəkisi 2655 kiloqrama yüksəlib. Buna baxmayaraq, krossoverin dinamikası yenə də yaxşılaşdırılıb: 100 km/saat həddini yığmağa 4,2 saniyə tələb olunur ki, bu da adi krossoverdə olduğundan 0,5 saniyə daha azdır. 200 km/saata qədər sürətlənməyə Alpina XB7 modeli 14,9 saniyədə sərf edir. Maksimal sürət elektronika tərəfindən 290 km/saat həddində məhdudlaşdırılıb.
Alpina şirkəti artıq flaqman XB7 modelinə sifarişləri qəbul edir. Alpina XB7 modelinin Almaniyadakı satış qiyməti 155 min avrodan başlayır. Bu standart BMW X7 M50i modelinin başlanğıc qiymətindən 40 min avro çoxdur. BMW şirkətinin X7 M modelini təklif etmədiyini nəzərə alsaq, Alpina müştəri sarıdan çatışmazlıqla üzləşməyəcəkdir.