Renault Group qrupuna daxil olan Alpine brendi ən hardkor idman avtomobilini təqdim edib. R (Radikal) indeksli model yenilənmiş A110 S kupesinə əsaslanır və orijinal modeldən yenidən sazlanmış asqısı, dəyişdirilmiş aerodinamik kuzov dəsti, karbondan kuzov elementləri və oturacaqların forması ilə fərqlənir. Alpine A110 R modelinin qiyməti 105 min avrodan başlayır və o, Alpine markasının model xəttindəki ən bahalı modifikasiya olacaqdır. Fransada eyni qiymətə Porsche Cayman GT4 trek modelini almaq olar.
Alpine A110 R kupesini karbon liflərindən hazırlanmış elementlər sayəsində tanımaq olar - dam paneli, baqaj qapağı və kapot kompozitdən hazırlanır. Digər bir yenilik, Duqueine firması tərəfindən R versiyası üçün xüsusi olaraq hazırlanmış çoxmilli karbonplastik təkər diskləridir. Bundan başqa, yeni diffuzor və bir cüt yuvarlaq çıxış borusu olan xüsusi buraxılış sistemini də qeyd etmək gərəkdir.
Aerodinamik kuzov dəsti faktiki olaraq yenidən işlənib: Alpine mühəndisləri kuzovun aerodinamik müqavimətini beş faiz azaltdaraq, yüksək sürətlərdə hasil edilən yerəbasma qüvvəsini 29 kiloqram artırmağa nail olublar. Salondakı əsas fərq karbon lifindən hazırlanmış və altınöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz olunmuş Sabelt Track yarış oturacaqlarıdır.
Tənzimlənən amortizator sayəsində klirens bir santimetr azaldılıb. Arxa köndələn dayanıqlılıq stabilizatoru 25 faiz, ön tərəfdəki isə 10 faiz sərtləşdirilib. Əlavə olaraq, daha sərt yaylar quraşdırılıb. Alpine A110 R modeli artıq zavoddan Michelin yarımslikləri ilə şıxır. Nəticədə, R versiyası S indeksli variantdan 34 kiloqram yüngüldür. Avtomobilin tam təchizatlı çəkisi 1082 kiloqramdır.
300 at qüvvəli 1,8-litrlik turbomühərrik və 7 pilləli “robot” dəyişməsə də, dinamikadakı irəliləyiş göz qabağındadır: Alpine A110 R kupesi 100 km/saat həddini 3,9 saniyəyə toplayır və 285 km/saata sürətlənir. Bu, A110 S versiyası ilə müqayisədə 0,3 saniyə yeyindir. Eyni zamanda maksimal sürət həddi də 10 km/saat artıb. Baza versiyasi ilə müqayisədə isə, bu göstəricilər 0,6 saniyə və saatda 35 km/saat yaxşılaşdırılıb.
Məlum məsələdir ki, təkmilləşdirmələr avtomobilin qiymətinə də təsir göstərib. Alpine A110 R modeli üçün fransız markası 105 min avro tələb edir. Xatırladaq ki, A110 S versiyasının qiyməti 72,5 min avrodan başlayır. Çəkisi 1150 kiloqram olan ən sadə arxa ötürməli idman avtomobili üçün isə cəmi 60 min avro istəlinir.
Alpine A110 R kupesinin kütləvi təqdimatı bu ayın ortalarında işə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir. Çatdırılmalara 2023-cü ilin birinci rübündə başlanmalıdır. Böyük ehtimalla, Alpine F1 zavod komandasının pilotları da idman avtomobilinin təqdimatında iştirak edəcəklər. Qeyd etmək gərəkdir ki, Alpine əvvəl ən güclü A110 kupesini ikiqat dünya çempionu Fernando Alonsonun şərəfinə adlandıracağını bəyan etsə də, ispan pilotun cari mövsümün sonunda komandadan ayrılması fransız istehsalçısını fikrindən daşındırıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.