Alpine Paris avtosalonunda A310 Vision konseptini təqdim edib. Retro-futuristik dizaynı ilə seçilən avtomobil markanın tarixinə ehtiram göstərməklə yanaşı, gələcək idman modellərinin üslubuna dair də təsəvvür yaradır. Konseptin təqdimatı A310-un dördsilindrli versiyasının 55 və V6 mühərrikli modifikasiyanın 50 illiyi ilə üst-üstə düşür.
1971-ci ildə əfsanəvi Berlinette modelinin davamçısı kimi təqdim edilən orijinal A310 sərt həndəsi xətləri və fərqli silueti ilə seçilirdi. Yeni konseptin dizaynerləri də məhz bu modeldən ilham alıblar. A310 Vision klassik dördsilindrli versiyanın sadə formalarını sonrakı V6 mühərrikli variantın daha əzələli görünüşü və geniş təkər tağları ilə birləşdirir.
Konseptin uzunluğu 4,55 metr, hündürlüyü - 1,18 metr, təkər bazası isə 2,45 metrdir. Arxa hissənin eni 2,03 metrə çatır. Alüminium kuzov, Formula 1 avtomobillərini xatırladan qara alt hissə və yarımşəffaf damı avtomobilin futuristik görünüşünü tamamlayır. A hərfini xatırladan təkər diskləri isə markanın keçmişinə incə istinaddır.
Ön fənərlər kuzova inteqrasiya edilib və avtomobil işə salınarkən xüsusi mexanizmlə görünür. Kapotdakı S-Duct hava kanalı və kuzov boyunca uzanan “Y zero” dizayn elementi xətləri arxa hissəyə doğru yönəldir. Burada yarımşəffaf, iki hissəli arxa spoyler və aerodinamik qüvvə yaratmağa kömək edən lamelli arxa fənərlər yerləşir.
Salonun görünən hissəsində üzvi formalı oturacaqlar, rəng kontrastları və klassik Hi-Fi avadanlıqlarını xatırladan fiziki idarəetmə elementləri diqqət çəkir. Bununla belə, konseptin əsas məqsədi interyerdən daha çox kuzov dizaynını nümayiş etdirməkdir.
A310 Vision Alpine-ın yeni modul Performance Platform (APP) platformasının dizayn imkanlarını göstərir. Bu platforma avtomobilin proporsiyalarını və kuzov formasını daha sərbəst müəyyənləşdirməyə imkan verir. Lakin şirkət konkret A310 Vision konseptinin seriya istehsalına buraxılmasını planlaşdırmır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









