Azərbaycanda fəaliyyətinin 20 illik yubileyini qeyd edən «Auto Azerbaijan» şirkəti, Hyundai Motor Company şirkətinin Avropra nümayindəliyinin iştirakı ilə, Fairmont Baku Flame Tower mehmanxanasında Hyundai Elantra modelinin altıncı nəslinin mətbuat nümayəndələri üçün təqdimat mərasimini təşkil etmişdi. Cənubi Koreya istehsalçısı bu tədbirə Şərqi Avropa və MDB ölkələrindən olan altmışa yaxın jurnalisti dəvət etmişdi.
Mart ayının 16 - 18 tarixlərində təşkil edilmiş tədbirdə Ukrayna, Gürcüstan və Azərbyacan da daxil olmaqla müxtəlif ölkədən gəlmiş jurnalistlər iştirak edirdilər. Mətbuat nümayəndələri üçün hazırlanmış testlərin proqramına Hyundai Elantra modelinin təntənəli təqdimat mərasimi və iki günlük testlər daxil edilmişdir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, Fairmont mehmanxanasında təşkil edilmiş təqdimat gecəsində xarici və yerli jurnalistlərdən başqa, Hyundai şirkətinin yüksək vəzifəli nümayəndələri, Cənubi Koreya respublikasının ölkəmizdəki fövqəladə və səlayiyyətli səfirinin müavini, bir sıra avtomobil şirkətlərinin yerli nümayəndəliklərinin rəhbərləri, cəmiyyətimizin tanınmış şəxsləri və bloggerlər iştirak edirdilər.
Tədbirdə ilkin olaraq Hyundai Motor şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə regional nümayəndəliyinin rəhbəri Saymon Conq və Hyundai şirkətinin mütəxəssisləri çıxış edərək mərasimdə iştirak edən qonaqlara Elantra modelinin yeni nəsli haqqında geniş məlumat verdilər.
Bundan başqa, Hyundai Motor şirkətinin yerli nümayədəliyinin adından çıxış edərən Nasir Seyidzadə «Auto Azerbaijan» şirkətinin 20 il ərzində gət etdiyi inkişaf yolundan danışdı. Təqdimat gecəsində Natiq Ritm Qrupu və tanınmış ifaçı Sevda Ələkbərzadə iştirak edən qonaqların zövqünü oxşayan musiqi proqramı ilə çıxış etdilər.
Avtomobilin özünə gəldikdə isə, Hyundai Elantra modelinin yeni nəsli keçən ilin sentyabrında Cənubi Koreyada Avante adı ilə təqdim edilmişdir. Sonradan avtomobilin Los-Ancelesdə keçirilən avtosalonda dünyəvi premyerası təşkil edilmişdir. Yeni Elantra artıq bu avtomobilin altıncı nəslidir. Yeni Hyundai Elantra sələfindən 20 millimetr uzun və 25 millimetr enlidir. Beləliklə, avtomobilin qabarit uzunluğu 4570 millimetr, eni - 1800 millimetr, hündürlüyü isə 1440 millimetrdir. Elantra’nın təkər bazası 2700 millimetr təşkil edir.
Yeni avtomobil Hyundai Elantra modelinin beşinci nəslinə nisbətən daha sanballı görkəmə malikdir. Əvvəlki nəslin axar xəttləri daha sakit və təmkinli cizgilərlə əvəz edilmişdir. Avtomobilin görkəmindəki bu təmkinlilik onun daxili məkanına da siraət etmişdir. Elantra modelinin interyerinin tərtibatı daha çox Avropa mənşəli avtomobillərin interyerini xatırladır.
Bunu anlamaq üçün çox uzağa getmək lazım deyil - elə Seat Leon modelinin ön panelinə nəzər salmaq kifayət edir. Bu oxşarlığın əsas səbəbini, Cənubi Koreyalı istehsalçının apardığı uğurlu kadr siyasətində axtarmaq lazımdır. Araşdırsaq məlum olar ki, Elantra modelinin daxili tərtibatı üzərində işləyən dizayner əvvəllər İspaniyada çalışmışdır.
Testlərin ilk günündə Qalaaltı Hotel&Spa istirahət mərkəzində fasilə zamanı, mən bu bənzərlik barədə fikirlərimlə tədbirdə iştirak edən koreyalı mütəxəssislərlə bölüşdüm. Koreyalıların üzündəki təbəssüm ehtimallarımın düzgün olduğundan xəbər verirdi. Yeri gəlmişkən, «Auto Azərbaijan» şirkətinin təşkil etdiyi testlərin proqramı Bakı - Qalaaltı - Quba - Qusar - Şahdaq marşrutu ilə hərəkəti nəzərdə tuturdu.
Avtomobilin daxili tərtibatında istifadə edilən materialların səviyyəsinin yüksəldiyini qeyd etmək olar, lakin, qapı dəstəklərində istifadə edilən plastik o qədər də ürəkaçan deyildir.
Adətən istehsalçılar, əl ilə daha çox təmas edən və vizual olaraq daha çox diqqəti cəlb edən interyer elementlərinin hazırlanmasında yüksək kefiyyətli materiallardan istifadə etməyə çalışırlar, amma bu dəfə koreyalılar nədənsə daha ucuz fakturalı plastikdən istifadə etməyə üstünlük vermişdirlər.
Erqonomika sahəsində koreyalılar son vaxtlar demək olar ki, ciddi səhvlər buraxmırlar. Bunu yeni Elantra’ya da şamil etmək olar.
Bizim sərəncamımıza verilən avtomobillər əlbəttə ki, yüksək səviyyəli təchizatı ilə seçilirdilər. Bu siyahıya dəri ilə örtülümş havalandırmalı və isitməli ön oturacaqlar, isitməli arxa oturacaqlar, yaddaş paketi, işıq və yağış sensoru, arxa görüntü kamerası, sükan çarxının qızdırılması, mühərrikin düymə ilə işə salınması, avtomatik klimat-kontrol, gündüz LED hərəkət işıqları olan ksenon fənərlər, işıqlandırılan qapı dəstəkləri və 225/45 R17 təkərləri ilə təchiz edilmiş 17-düymlük yüngül lehimli disklər də daxil edilmişdir.
Bunlardan əlavə, 4,2-düymlük rəngli mərkəzi dspleyi olan cihazlar panelini, mültifunksional sükan çarxını, İnfinity premium səs sistemini, Bluetooth funksiyası və 7,0-düymlük sensor ekranı olan multimedia sistemini, kor zonalara nəzarət və ağıllı baqaj qapağı sistemini, həmçinin təkərlərin təzyiqinə nəzarət sistemini də qeyd etmək olar. Qeyd etmək lazımdır ki, multimedia sisteminin anlaşılan interfeysi bu sistemin idarə edilməsini asan edir.
Bununla belə, testlər zamanı sensorlu displey ilə müəyyən problem yaşandı - mənim idarə etdiyim avtomobildə daxil olan zəngdən sonra displey söndü və onu yenidən işə salmaq üçün multimedia sistemini söndürüb yenidən işə salmaq lazım oldu.
Bundan sonra, displeyin toxunuşa reaksiyasında da yavaşlama müşahidə olundu. Şahdağ yaxınlığındakı fasilə zamanı bu barədə həmkarlarımla müzakirə zamanı aydın oldu ki, onlar da belə problemlə üzləşmişdirlər.
Texniki sahəyə nəzarət edən mütəxəssislərin söylədiyinə görə, problem testlər öncəsi koreyalı mütəxəssislərin təkidi ilə yenilənmiş proqram təminatındadır. O da qeyd edildi ki, bizim bazarda satılacaq avtomobillərin proqram təminatı tamamilə başqa olacaq və belə problemlər yaşanmayacaqdır.
Düzünü desək, avtomobil jurnalistlərini test etdiyi avtomobilin təchizatından daha çox onun texniki xüsusiyyətləri maraqlandırır. İlk növbədə bildirmək lazımdır ki, Koreyalı istehsalçı Elantra modelinin konstruksiyasında istifadə edilən yüksək möhkəmlikli metalların həcmini 53 faizə qədər artırmişdir.
Nəticədə Elantra’nın kuzovunun sərtliyi yüksəlmiş, bu isə öz növbəsində avtomobilin idarə edilməsinin yaxşılaşdırılması sahəsində vacib sayılan amillərdən biridir. Qeyd etməliyəm ki, Hyundai Elantra modelinin asqı sistemi bu günə qədər sınaqdan keçirdiyim Hyundai avtomobillərinin içərisində olanlardan ən balanslaşdırılmışdır.
Şübhəsiz, koreyalı mühəndislər bu sahədə hiss olunacaq dərəcədə inkişafa imza atmışdırlar. İlk növbədə koreyalı mütəxəssislər idarələnmə ilə komfort arasındakı nisbəti çox düzgün tənzimləməyə müvəffəq olmuşdurlar.
Yeni Elantra öndə McPherson tipli asqı, arxada isə boru şəkilli dayaqla (torsion asqı) təchiz edilmişdir. Doğrusu beşinci nəsil Elantra da eyni asqıya malikdir, lakin, yeni avtomobilində yayların və amortizatorların birləşmə nöqtələri ilə xarakteristikaları dəyişikliklərə məruz qaldığından, asqı sistemi avtomobili yaxşı səviyyədə komfortla təmin edir. Biz asqının işini hamar asfalt təbəqəsi olan yollarla bərabər dağılmış asfaltı olan Bakı - Quba avtomagistralında və hətta yünğül yolsuzluq şəraitində də yoxladıq. Asqı bizi həm enerji tutumu, həm də səssiz işləməsi ilə təəccübləndirdi. Sirr deyildir ki, Hyundai markasını daşıyan bir çox avtomobil bu xüsusiyyətlərin vəhdəti ilə qürrələnə bilməzlər.
Elantra modelinin idarəolunması da yaxşı təəssüratlarla yadda qaldı. Düzdür, sükan idarəolunmasında sünilik hiss olunsa da, sürücünün komandaları dəqiq və gecikmə olmadan yerinə yetirilir. Düzlüklərdə sükan sistemi avtomobilin sabit xətt üzrə hərəkətini təmin edir. Testlər zamanı biz, 180 km/saat sürətində avtomobilin trayektoriyadan yayınmadan irəliləməsinin şahidi olduq.
Əlbəttə ki, bu zaman Drive Mode sisteminin «Sport» rejimi aktivləşdirilmişdir ki, bu rejimdə həm sürətlənmə bir qədər iti olur, həm də sükan idarəetməsi «ağırlaşaraq» sürücünü avtomobili daha yaxşı hiss etməsini təmin edir.
Döngələrdə isə, hər bir öndən çəkişli avtomobil kimi, Elantra da dönmə çatışmamazlığı nümayiş etdirir. Prinsipcə bu normal haldır və adi hərəkət rejimində o qədər də nəzərə çarpmalı deyil. Fikrimcə, ekstremal şəraitlərdə sükan sistemi sürücünü pis vəziyyətdə qoymayacaqdır. Belə bir hal olarsa, avtomobilin təchizatına daxil olan aktiv təhlükəsizlik (ABS (kilidlənmə əlyehinə sistem), ESC (elektron stabillik sistemi), EBD (əyləc gücünün paylanması)) sistemləri sürücünün köməyinə çatmalıdır.
Mühərrik çeşidinə gəldikdə isə, mətbuat nümayəndələrinin sərəncamına verilmiş avtomobillər 2,0-litrlik MPİ mühərriki ilə təchiz edilmişdir. Bu mühərrikin gücü 152 at qüvvəsi, fırlanma anı isə 180 Nm təşkil edir. Bundan əlavə, Hyundai Elantra 127 at qüvvəli 1,6-litrlik benzin mühərriki ilə də təklif edilir. Zənnimcə, bütün avtomobillərin altı diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz edildiyini söyləmək yersizdir - bizim bazarda 6-pilləli mexaniki sürətlər qutusu arzuolunmaz avadanlıqdır.
2,0-litrlik mühərrik ilə altı pilləli avtomatik sürətlər qutusunun tandemi pis alınmayıb. Bu tandem şəhər rejimində avtomobili lazım olan dinamika ilə təmin edir. Şəhər şəraitində daha çox qənaətcilliyin ön sıraya çıxması səbəbindən, Drive Mode sisteminin «Eco» rejimindən istifadə etmək daha məqsədəuyğundur. İdarəetmə elektronikası sükan sisteminin müqavimət gücünü, akseleratorun həssaslığını və sürətlər qutusunun ötürmə rejimini dəyişərək yanacağa qənaət etməyə şərait yaradır.
Şəhərkənarı yollarda isə, açığını desək, «Normal» rejimi qənaətbəxş deyildir - mənim seçimim «Sport» rejimidir.Bu rejimdə sükan sistemi daha həssas olur və avtomobili trayektoriyada saxlamağı daha asan edir. Yanacaq qənaətinə gəldikdə, iki günlük testlər zamanı avtomobilin qarışıq rejimdə yanacaq sərfiyyatı 100 kilometrə 8,4 litr təşkil etmişdir. Əgər əldə etdiyimiz rəqəmi zavod göstəriciləri (7,5 litr) ilə müqayisə etsək, demək olar ki, bizim qeyd etdiyimiz nəticə reallığa daha yaxındır.
Elantra modelinin üstün cəhətlərindən biri də yığcam ölçülərinə baxmayaraq sərnişinlər üçün geniş iç məkan təklif etməsidir. Sürücü oturacağını öz boyuma görə tənzimləyib arxa oturacağa əyləşdikdə arxa sərnişinin ayaqları zonasında lazımi qədər məsafənin qaldığının şahidi oldum.
Buna yaxşı səviyyədə olan səs izolyasiyasını və premium İnfinity səs sistemini də əlavə etsək, uzaq məsafələrə səyahətin xoşagələn olacağını söyləmək çətin olmaz. Gələk ən vacib məsələyə - avtomobilin qiymətinə. «Auto Azerbaijan» şirkətinin rəsmi saytında Hyundai Elantra modelinin üç təchizat səviyyəsində təklif edildiyini görürük. Baza təchizatı kimi sayılan səviyyə 31900 manata təklif edilir. Orta təchizat səviyyəsi və 1,6-litrlik mühərriklə təchiz edilmiş avtomobil 34900 manata satılır. Nəhayət, avtomobilin 2,0-litrlik mühərriklə təchiz edilmiş top variantı üçün 38900 manat ödəmək tələb olunur.
Bir müddət əvvəl 23 - 26 min manat arasında qiymətlə satılması planlaşdırılan avtomobil üçün bu qədər məbləqin tələb edilməsi alıcılarda müəyyən psixoloji maneələr yaradacaqdır.
Sonunda avtomobil haqqında ümumi fikrimi bildirmək istərdim. Cənubi Koreyalı istehsalçı bu modelin işlənib-hazırlanmasında böyük irəliləyişə nail olmuşdur. Elantra modelinin altıncı nəsli yüksək səviyyədə rahatlığı və yaxşı idarəetməni təmin edən şassiyə malikdir.
Bundan başqa, avtomobilin zəngin təchizata malik olduğunu nəzərə alsaq, alıcıları sonuncu addım atmaqdan çəkindirəcək yeganə amilin qiymət faktorunun olacağını təxmin etmək çətin deyildir.
Musbət cəhətləri: sanballı dizayn, rahatlığı və yaxşı idarələnməni təmin edən şassi, salonun səs izolyasiyası, zəngin təchizat.
Mənfi cəhətləri: mühərrikin yüksək dövrələrdə xoş olmayan səsi, arxa təkər tağlarının zəif səs izolyasiyası, qiyməti.