CR-V modelinin tarixinə nəzər salsaq, Honda şirkətinin bu krossoverin nəslini hər beş ildən bir dəyişdiyini görə bilərik. Lakin indiki, beşinci nəsildən olan Honda CR-V modeli 2016-cı ildən buraxılır və ənənəyə görə keçən il yenilənməli idi. Bu günə qədər krossoverin yeni nəsli barədə heç bir məlumat verilməyib, amma indi İnternet şəbəkəsində yeni CR-V modelinin ilk patent təsviri peyda olub.

Nazik formalı fənələr, düzləşdirilmiş qurşaq xətti, dayaqlardakı yan güzgülər – bütün bunlar Honda CR-V modelinin kiçik HR-V modeli ilə eyni təkamül yolunu keçəcəyindən xəbər verir. Texniki məlumat olmasa da, əsəs diqqətin hibrid versiyalara yönəldiləcəyi gözlənilir. Bununla belə, yeni krossoverin mühərrik çeşidində benzinlə çalışan 1,5-litrlik turbomühərrik qalacaqdır. Atmosfer və dizel mühərrikləri isə, böyük ehtimalla, çeşiddən çıxarılacaqlar.

Bundan başqa, altıncı nəsil CR-V krossoveri Android Automotive platformasına əsaslanan media sistemini alan ilk Honda avtomobili olacaqdır. Yeni əməliyyat sisteminə keçid haqqında keçən ilin sentyabrında məlumat verilib. Təəssüflər olsun ki, yeni Honda CR-V modeli barədə başqa məlumat yoxdur. Çox güman ki, krossoverin növbəti nəsli ilin sonuna qədər debüt edəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.