Bu gün döyüş aviasiyası hərbi qarşıdurmanın nəticəsini müəyyən edən ən vacib faktorlardan biridir. 44-günlük Vətən Savaşı səmada üstünlüyün nə qədər vacib olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Ekspertlərin əksər hissəsi belə halın yaxın gələcəkdə də qorunub saxlanılacağını hesab edirlər. Gələcəkdəki müharibələrdə mükəmməl və çoxsaylı hərbi hava qüvvələrinə sahib olan tərəf qələbə çalacaqdır. HHQ-lərinin ən vacib komponenti isə qırıcı aviasiyadır.
Qırıcıları, hər bir uçuş aparatının əlamətlər məcmusunu və xüsusiyyətlərini müəyyən edən uçuş-texniki xarakteristikalarından asılı olaraq nəsillərə bölmək olar. Bu barədə biz artıq F-22 Raptor modelinə həsr etdiyimiz məqalədə məlumat vermişik. Bu günə qırıcıların beş nəsl mövcuddur və onların seriya istehsalını tam şəkildə təşkil edən ölkələrdən biri Amerika Birləşmiş Ştatlarıdır. Beşinci nəsil uğrunda yarışda ABŞ böyük aralıqla liderlik edir, lakin Rusiya, Çin və Yaponiya lideri haqlamağa çalışırlar. Məsələn, Rusiya Su-57 qırıcısının sınaqlarını davam etdirir və Su-75 Checkmate qırıcısının maketini təqdim edib. Çinin HHQ-lərində Chengdu J-20 qırıcılarından ibarət olan eskadrilya xidmətdədir.
Qeyd etmək lazımdır ki, bir çox ölkələrin HHQ-lərində qarşılarına qoyulan tapşırıqları bu gün layiqincə yerinə yetirən dördüncü nəsildən olan döyüş təyyarələri xidmət edirlər. Buna görə də, altıncı nəsil qırıcıları barədə söhbətlər şayiəyə bənzəyirlərlər. Onların xarakteristikalarının təsviri isə fantastik filmlərin ssenarisini xatırladır: hipersəs sürəti, süni intellekt, lazer silahı.
F-22 Raptor
Hələlik hərbi ekspertlər növbəti suallara aydın şəkildə cavab tapa bilməyiblər: altıncı nəsil nə üçün lazımdır? Bu qırıcılar hansı tapşırıqları yerinə yetirəcəklər? Onlar hansı yeni növ taktiki fəndləri həyata keçirməyə qadir olacaqlar?
Hər bir yeni nəsil qırıcıların meydana çıxması dünya aviasiya elmi və texnologiyasının inkişaf səviyyəsinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilirdi. Yeni nəslin təyyarələri inqilabi döyüş qabiliyyətinə malik idilər ki, bu da hərbçilərə yeni taktikaları mənimsəməyə və düşmən üzərində əhəmiyyətli üstünlüklər əldə etməyə imkan verirdi. Yeni növ döyüş maşınlarının tətbiqi müxtəlif ölkələrdə təxminən eyni vaxtda baş verirdi, konstruktorlar isə ümumiyyətlə oxşar texniki həllərdən və materiallardan istifadə edirdilər.
Qeyd etmək lazımdır ki, yeni nəsil qırıcı təyyarəni yaratmaq olduqca baha başa gəlir. Bir F-22 Raptor qırıcısının qiyməti 146,2 milyon dollardır, bu təyyarənin yaradılması proqramına amerikalılar demək olar ki, 67 milyard dollar xərcləyiblər. Planetdə belə xərcləri qarşılamağa qadir olan çox az ölkə mövcuddur.
BAE Tempest
Altıncı nəsil qırıcısı necə olacaq
Müasir dördüncü nəsil qırıcılar döyüş meydanında aviasiyanın qarşısında duran əksər vəzifələri həll etmək iqtidarındadırlar və modernləşdirmədən sonra hətta beşinci nəsil təyyarələri ilə də döyüşə bilərlər. Bəs altıncı nəsil qırıcıları hansı xüsusiyyətlərə malik olmalıdırlar ki, onun yaradılmasına sərf olunan resursları doğrulda bilsinlər?
Yəqin ki, altıncı nəsil döyüş təyyarəsi düşmən radarında daha az nəzərə çarpacaq və mövcud təyyarələrlə müqayisədə daha böyük manevr qabiliyyətinə malik olacaqdır. Bunun üçün qırıcı dartma vektorunu yönləndirən mühərriklə təchiz edilməlidir.
Çox güman ki, yeni qırıcılar şaquli qayaqdan məhrum ediləcəkdirlər, çünki belə dayaq təyyarənin effektiv səpələnmə sahəsini (ESS) əhəmiyyətli dərəcədə artırır və əlavə olaraq, yüksək hücum bucaqlarında manevr edərkən, şaquli dayaq praktiki olaraq yararsızdır. Supermanevrli müasir təyyarələr üçün şaquli dayağın qeyri-effektiv olduğu kritik və superkritik hücum bucaqları getdikcə əsas rejimə çevrilir.
Bu tendensiyanın bariz nümunəsi Boeing tərəfindən hazırlanmış F/A-XX təyyarəsidir. Bu maşının eskizləri 2008-ci ildə ictimaiyyətə nümayiş etdirilib. Digər tərəfdən BAE Systems tərəfindən təqdim olunmuş Tempest adlanan qırıcının maketi britanilyalıların arxa killərdən imtina etmək fikrində olmadığını göstərir.
Boeing F/A XX
Altıncı nəsil qırıcısının quruluşu
Çox güman ki, gələcək nəsil qırıcı təyyarələri qeyri-adi quruluş sxeminə sahib olacaqlar. “Uçan qanad” sxemi artıq çoxdan yenilik olmaqdan çıxıb, lakin, çox güman ki, daha qəribə quruluşa malik olan təyyarələri görəcəyik. 1990-cı illərin ortalarında Boeing şirkəti aşağı səviyyəli görünməzliyi olan Bird of Prey (“Yırtıcı Quş”) qırıcı-bombardmançı təyyarəsinin prototipini hazırlamışdı. Bu təyyarə “ördək” sxeminə uyğun olaraq inşa edilmişdi, lakin ön üfüqi dayaqlara (ÖÜD) malik deyildi - onun funksiyalarını aparıcı füzelyaj yerinə yetirirdi. Təyyarənin belə forması “ördək" sxeminin bütün üstünlüklərinə malik idi və ona xas olan çatışmazlıqların qarşısını almağa imkan vermişdi.
Bird of Prey modelini yaradarkən Boeing mütəxəssisləri ən son texnologiya və materiallardan, o cümlədən 3D çapdan istifadə etmişdilər.
Gələcəyin qırıcılarının başqa bir prototipi ilk dəfə 1997-ci ildə səmaya qalxan X-36 uçan aparatı olub. Bu təyyarə sanki “Ulduz müharibələri” sikvelinin rekvizitlərdən götürülmüşdü. Təyyarənin şaquli kili yoxdur, idarə olunan dartma vektoru olan mühərriklərlə təchiz olunub, bu aparatın forması isə, onu radar ekranlarında minimal şəkildə görünən edir. Hazırda gizlilik qırıcıların əsas müdafiə vasitələrindən biridir və onların həyatda qalmasının başlıca təminatıdır.
Doğrudur, stels-texnologiyalar çox vaxt təyyarələrin uçuş keyfiyyətlərinin pisləşməsinə gətirib çıxarır və hər zaman təyyarələrin istehsal və istismar xərclərini kəskin şəkildə artırır.
Boeing X-36 (McDonnell Douglas X-36)
Altıncı nəsil qırıcısının uçuş xüsusiyyətləri
Beşinci nəsil qırıcıların əsas xüsusiyyətlərindən biri forsajsız səsdən sürətli uçuşdur. Təbii ki, bu funksiya gələcək nəsil təyyarələrdə də qalacaqdır. Yəqin ki, onların gücün çəkiyə nisbətini daha da artacaq (1,4-1,5 qədər), bu da onlara hipersəs sürətinə yaxınlaşmağa imkan verəcək və uçuş hündürlüyünü 30-35 kilometrə qədər artıracaqdır.
Belə sürətlərdə uçmaq və manevr etmək artıq insan orqanizminin imkanlarının ən yüksək həddinə çatır. Bu, yeni qırıcının bort avadanlığı üçün yeni tələblərə gətirib çıxarır.
Bu gün çoxfunksiyalı LCD ekranlar və dəbilqəyə quraşdırılmış hədəf təyinediciləri adi hala çevrilib. İsraildə hazırlanan “şəffaf kabinə” layihəsini xatırlaya bilərsiniz. Lakin bunlar kifayət deyil. Bort elektronikası pilotu ən vacib məlumatlarla təmin etməli, hədəfləri prioritetləşdirməli, onları məhv etməyin ən yaxşı yolunu və döyüşdə optimal manevri təklif etməlidir. Yəni təyyarə müəyyən qədər intellektə sahib olmalıdır. Burada biz gələcək nəsil qırıcı təyyarələrlə bağlı ən vacib suallardan biri ilə üzləşirik: belə təyyarələr ümumiyyətlə insanlar tərəfindən idarə olunacaqlarmı?
Lockheed Martin NGAD
Müasir dronların əksəriyyəti də insanlar tərəfindən idarə olunur və bu məsafədən həyat keçirilir. Pilotsuz qırıcıdan danışırıqsa, onda təyyarə kompüterin göstərişlərinə əməl edərək, tamamilə avtonom şəkildə işləyə bilməlidir. Bu gün elə bir vəziyyət yaranıb ki, bort kompüteri təkcə qırıcının deyil, həm də onun silahlarının idarə olunmasında iştirak edir. Lazım gələrsə, elektronika düşmən raketindən yayınma manevrini yerinə yetirəcək, hətta təyyarəni bazaya çatdırıb uçuş-enmə zolağına endirəcəkdir.
Bütün bunlar kokpitdə insanın olmasının məqsədəuyğunluğu barədə sualın yaranmasına səbəb olur.
27 İyun 2020-ci ildə Sinsinnati Universitetində (ABŞ) maraqlı bir eksperiment həyata keçirilib. Təcrübəli pilot və kompüter aviasiya simulyatorunda döyüşüblər. Maşına qarşı ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Cin Li Fokus döyüşüb. Pilot bir dəfə olsun belə kompüteri məğlub edə bilməyib. Daha sonra polkovnik onun elektron rəqibinin daha sürətli reaksiya verdiyini, habelə həmişə aqressiv və ən effektiv döyüş taktikasını seçdiyini qeyd edib.
McDonnell Douglas Bird of Prey
İnsan beyni yalnız məhdud miqdarda məlumatı emal edə bilir və bunu maşından yüz dəfə daha yavaş edir. Buna insan orqanizminin fizioloji məhdudiyyətlərini də əlavə etmək lazımdır. Gələcək təyyarələr insanın davam gətirə biləcəyi yüklənmələrdən bir neçə dəfə artığına tab gətirə bilər. Bundan əlavə, avtonom aparatın yaşamağı təmin edən sistemlərə, evakuasiyaya, müxtəlif alətlərə və sairəyə ehtiyacı yoxdur. Pilotdan imtina, müasir maşınlardan daha yüngül, daha kiçik və daha çox manevr edə bilən təyyarələri yaratmağa imkan verəcəkdir.
Doğrudur, vacib bir mənəvi aspekt var: biz insanları öldürmək hüququnu cansız maşına həvalə etməyə hazırıqmı? Buna baxmayaraq, müasir və yaxın tarixin göstərdiyi kimi, hərbiçilər mənəviyyat məsələlərindən o qədər də narahat olmurlar, buna görə də sünu intellekt həqiqətən də qırıcını idarə etməyə hazır olduqda, qırıcı pilotu peşəsi keçmişin qalığına çevriləcəkdir.
Altıncı nəsil qırıcısı lazer silahları ilə təchiz olunacaqmı? Bu sahədə əldə edilən son nailiyyətlərə nəzər salsaq, çətin. Müasir lazerlər çox zəif və qırıcı təyyarəyə sığmayacaq qədər böyükdürlər. Ancaq köməkçi lazer bort sistemlərinin istifadəsi istisna edilmir - onlardan hədəfi təyin etmək, müdafiə olunmaq və digər məqsədlər üçün istifadə etmək olar.
F-35 Lightning II
Ən yeni beşinci nəsil qırıcı təyyarəsi təkcə ayrıca döyüş vahidi deyil, onun effektivliyini xeyli artıran vahid məlumat-döyüş sisteminin bir hissəsi olmasıdır. Növbəti nəsil maşınlarda inteqrasiya səviyyəsi açıq şəkildə daha da artacaqdır. Təyyarə məlumatları və hədəf təyinatını təkcə bort sistemlərindən deyil, həm də peyklərdən, digər təyyarələrdən (o cümlədən AWACS), yerüstü radarlardan və dronlardan alır. Müasir qırıcı hətta görmədiyi hədəfə də hücum edə bilər.
Yuxarıdakıları yekunlaşdıraraq qeyd etmək olar ki, altıncı nəsil qırıcısının hazır olması üçün müəyyən vaxt tələb olunur və bunun tezliklə baş verəcəyini gözləmək lazım deyil.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədəki materiallardan istifiadə zamanı sayta istinad etmək mütləqdir.