Ağıllı saatlar son illərdə klassik saatları sıxışdırmağa başlayıb. Artıq isveçrə saat istehsalçıları da bu səmtdə işləməyə başlayıblar. Amma ağıllı qurğu istehsalçıları onlardan bir addım irəlidədirlər.
Smart saatlar geniş funksiyaları ilə smartfonların köməkçisidir. Onların birgə işi rahatçılıq təqdim edir. Mən 10 aydır smart saatdan istifadə edirəm. Artıq klassik saatlarımı rəflərdə toz basıb və onlardan çox az hallarda istifadə edirəm.
Xiaomi şirkəti artıq çox insanın rəğbətini qazanıb. Onun istehsal etdiyi smartfonlar, müxtəlif qacetlər və aksessuarlar həm yüksək keyfiyyəti, dizaynı və əlçatan qiymətləri ilə maraq cəlb edir. Xiaomi şirkətinin tərkibində olan “Huami” markası Amazfit saatının yeni modeli - “Verge”i təqdim edib. Azərbaycanda bu saat 370 manatlıq qiymətlə MiHome mağazasında satışlara başlanıb. Tanışlıq üçün onu bir həftəlik istifadəyə götürdüm.
Dizayn və xarici görünüşü
Dairəvi gövdə plastikdən hazırlanıb və iki rəngdə (ağ və qara) təqdim olunur. Qara rəngli modelin daha populyar olacağını düşünürəm. Onun kəməri də bənzər materialdan hazırlandığı üçün ümumi bir forma təşkil edir. Silikon kəmər rahat şəkildə çıxarılıb, dəyişdrilə bilər. Digər “Android” saatlardan fərqli olaraq, displeyin ətrafında fırlanan halqa yoxdur - saat yalnız korpusun sağ tərəfində yerləşən yeganə qırmızı düymə ilə idarə oluna bilir. Düymənin funskiyası “geri qayıtma”dır. İdarəetmə yalnız svayplar vasitəsi ilə həyata keçirilir. Ölçüləri 43x43 mm, qalınlığı 12.6 mm-dir. Çəkisi 46 qramdır.
Saat 360x360 piksel icazəli 1.3-düymlük AMOLED displey ilə təhciz olunub. Ekranı yetərli qədər parlaqdır və toxunuşa həssasdır. Gövdənin daxilində 1.8 HHz ikinüvəli prosessor, 4 Gb əsas yaddaş və 512Mb operativ yaddaşı (RAM), 390 mAs batareya, Wi-Fi, Bluetooth 4.0, GPS və GLONASS vericiləri yerləşir. Saat IP68 (tozdan və sudan təmamilə qorunma) standartlarına uyğun olsa da, istehsalçı onu duş və hovuzda istifadə etməyi məsləhət görmür.
Funksionallığı
Amazfit Verge GPS treker vasitəsi ilə hərəkətləri izləyir, addımları sayır və ürək döyüntülərini qeydə alır. Gəzintiyə yaxud qaçışa çıxdığınız zaman, smartfona gələn zəngləri saat vasitəsi ilə qəbul edə və mesajları oxuya bilərsiniz. Eyni zamanda, onun vasitəsi ilə musiqi kolleksiyanızı da dinləyə bilərsiniz. Bu məsələdə məhduduiyyət yalnız daxili yaddaşının cəmi 4 Gb olmasıdır. Yaddaşın əksər hissəsi əməliyyat sisteminə və tətbiqlərə sərf olunduğu üçün, istifadəçiyə cəmi 1.9 Gb həcm qalır. Ona görə musiqi treklərinizi çox sayda yazmaq mümkün olmayacaq. Onu da qeyd edim ki, yaddaşda 11 saat siferblatları quraşdırılıb, yalnız onlardan seçmək imkanı var. 1.2 HHz prosessor və 512 MB operativ yaddaş saatın funksiyalarını yerinə yetirmək üçün yetərlidir.
Amazfit Verge NFC çipi ilə təhciz edilsə də, təəsüf ki, Azərbaycanda onun tətbiqi məhduddur. Hələ də ölkəmizdə bank hesablarından ödəniş üçün mobil qurğulardakı proqram təminatları NFC çipi tətbiq olunmur. Halbuki, artıq bank kartları və BakıKart bu texnologiyanı istifadə edirlər.
Smart saatın digər bir funksiyası yuxunun vaxtını və uzunluğunu ölçməyə imkanı verir. Bu məlumatlar əsasında yuxu qrafiki yaradıla bilər: qurğu nə qədər vaxtı dərin və nə qədər yüngül yuxuda olduğunuzu təhlil edir.
Smart saatların əksər hissəsi Google-un Wear OS əməliyyat sisteminin əsasında yaradılsalar da, Amazfit Verge öz əməliyyat sistemi üzərində qurulub. Saat həm Android, həm də iOS ilə çalışır. Bu sistemdə səs köməkçisi də şirkətin özünün yaratdığı proqram təminatıdır. Saat həm mikrofon, həm də dinamiklərlə təhciz olunduğu üçün, bu funksiya rahatlıqla çalışır. Saat həmçinin Xiaomi-nin Mi Home tətbiqinə inteqrasiya oluna bilir. Bu da “Ağıllı Ev” sisteminə daxil olmaq imkanı verir.
Batareya
Daha öncə söylədiyim kimi, saat 390 mAs həcmində batareya ilə təhciz olunur. İstehsalçının məlumatına görə ondan 5 gün ərzində bir doldurmadan istifadə etmək mümkündür. Amma, çox sayda sensor və vericilərin işi, smartfondan gələn xəbərdarlıqlardan asılı olaraq, reallıqda bu müddət 3 günə qədər azala bilər.
Batareyanı doldurma isə yalnız çatdırılma dəstində yerləşən USB stansiyası vasitəsi ilə həyata keçirilir. Tam doldurma 3 saat çəkir.
Nəticə
Amazfit Verge smart saatının liderlik ambisiyası yoxdur. Aşağı qiymət və imkanların kompromisindən yaranan bu saat aktiv həyat sürən insanlar üçün yaxşı seçim ola bilər. Smart saat həm qadınlar, həm kişilər üçün uyğundur.
Əgər daha geniş imkanlı smart saat almaq niyyətindəsinizsə, o zaman Xiaomi-nin digər smart saatlarına diqqət yetirin. Onlarla www.mihome.az saytında tanış ola bilərsiniz.