Klassik Land Cruiser 40 modeli 1960-1984-cü illərdə istehsal edilib ( Braziliyada 2001-ci ilə qədər!) və artıq canlı əfsanəyə çevrilib. Buna baxmayaraq, hələ də dünya yollarında şütüyən belə ofrouderlər kifayət qədərdir.

Klassik ofrouder, Konnektikutda yerləşən Legacy Overland da daxil olmaqla, avtomobil həvəskarları tərəfindən yüksək qiymətləndirilir. Amerikalılar əfsanəni müasirləşdirməyə qərar veriblər və hazırladıqları restomodu təqdim ediblər.

Layihənin əsası kimi, Avstraliya bazarı üçün nəzərdə tutulmuş və 1977-ci ilin istehsalı olan uzunbazalı Land Cruiser FJ45 modeli götürülüb. Ofrouder tam şəkildə sökülüb, karkas səliqə ilə bərpa olunub, sonra qumla təmizlənib, epoksid qətranı ilə örtülüb və rənglənib.

Klassik ofrouder daha yeni Land Cruiser FJ80 modelindən götürülmüş 4,5-litrlik sıralı altısilindrli mühərriki alıb. Güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu və paylayıcı qutu ilə birləşdirilib. Bundan əlavə, yeni ötürmə valları və daha böyük radiator daxil olmaqla təkmilləşdirilmiş soyutma sistemi quraşdırılıb.

Ofrouderin asqısı da dəyişdirilib. Avtomobil Old Man Emu firmasının ARB seriyasından olan yeni yaylar və amortizatorlara alıb ki, bu da klirensin 64 millimetr artmasına gətirib çıxarıb.

Orijinal modelin görünüşü ehmalla qorunub saxlanılıb. Bərpa edilmiş ofrouder Dune bej rənginə boyanıb, avtomobilin tenti də eyni rəngdədir. Ön bamper əlavə PIAA fənərləri ilə təchiz olunub. Xrom qapağı olan 16-düymlük polad disklərinə yüksək profilli "dişli" Mickey Thompson şinləri taxılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryerdə diqqətlə bərpa edilmiş orijinal sükan çarxı var. Doğrudur, zamanın əlamətləri olmadan da ötüşməyib: Dakota Digital firmasının əqrəbli cihazlar panelinə işıqlandırılan rəqəmsal displeylər quraşdırılıb. Müasir audio və iqlimə nəzarət sistemləri də mövcuddur. Bütün oturacaqlar təbii qəhvəyi dəri ilə üzləniblər.

Legacy Overland öz retomodunun qiymətini açıqlamayıb. Ancaq bənzər ofrouderlərin inşası üçün fərdi sifarişləri qəbul etməyə hazır olduğunu bildirib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.