Krossover formatında yenidən canlandırılmış Chevrolet Blazer modeli hələ də əsas rəqibləri ilə bərabər şəraitdə rəqabət apara bilmir. Artıq üçüncü ildir ki, krossoverə olan tələbat getdikcə aşağı düşür: 2020-ci ildə ABŞ bazarında 95 min Blazer satılıbsa, 2021-ci ildə cəmi 70 min avtomobil öz sahibini tapıb. Müqayisə üçün: Ford Edge modeli 85 min, Hyundai Santa Fe isə 112 min alıcı tapıb.
Bununla belə, azalma təəccüblü deyil, çünki keçən yay Blazer ən sadə təchizat səviyyələrindən və 194 at qüvvəli 2,5-litrlik baza mühərrikindən məhrum edilib. Bundan sonra, krossoverin başlanğıc qiyməti 5000 dollara yaxın artıb. Chevrolet bu yolla modelin imicini yüksəltmək qərarına gəlib. İndi isə plan üzrə restylinqin vaxtı çatıb.
Uzunluğu 4874 millimetr olan yenilənmiş Blazer modelini restaylinqdən əvvəlki krossoverdən demək olar ki, fərqləndirmək mümkün deyil: eksteryerdə əsaslı dəyişikliklər yoxdur. Radiator barmaqlığının konturu yenidən çəkilib, gündüz hərəkət işıqları böyüdülüb, əsas fənərlərin yuvaları yenilənib. Arxa işıqlar yeni tərtibata malik olsalar da, əvvəlki korpuslarında qalıblar. Üstəlik, 18-21 düym arasında diametrə malik olan təkər disklərinin dizaynı da dəyişdirilib.
Salonda əvvəlki 8-düymlük ekranın əvəzinə 10-düymlük displey ilə təchiz edilmiş yeni mediasistemi quraşdırılıb. Maraqlıdır ki, Çində satılan uzadılmış Blazer modeli əvvəlcədən 10-düymlük ekrana sahib idi, lakin onun çərçivəsi fərqlidir. Smartfonların simsiz doldurması cihazı da peyda olub. Blazer üç təchizat səviyyəsində təklif olunur - ilkin LT, zəngin Premier və "idman" RS. İndi yalnız sonuncu təchizat səviyyəsi üçün tünd göy rəngli tərtibatı sifariş etmək mümkündür.
Krossoverin mühərrik çeşidində iki aqreqat qalıb: bu, 2019-cu ildə peyda olmuş 231 at qüvvəsi və 350 Nm hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik, habelə 311 at qüvvəsi və 366 Nm təklif edən3,6-litrlik V6 atmosfer mühərrikidir. Hər iki aqreqat da 9-pilləli "avtomat" ilə tandemdə çalışır. Ötürmə - ön oxa və ya tam (arxa oxda mufta ilə) ola bilər. Chevrolet Blazer RS modeli isə, altısilindrli mühərrik və arxa oxu qoşan fərdi muftaları olan opsional tam ötürmə sistemi ilə təklif edilir.
Yenilənmiş Chevrolet Blazer krossoveri qarşıdan gələn yay aylarında satışa çıxarılacaqdır. Xatırladaq ki, yenilənmədən əvvəlki krossover ABŞ-da 33,400 dollardan başlayan qiymətlərlə satılır. Müqayisə üçün, daha böyük Chevrolet Traverse modelinin qiymətləri 33.700 dollardan başlayır. 2023-cü ilin yazında Ultium platformasında inşa edilmiş yeni Blazer EV elektrik krossoveri debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.