Keçən il Amerika Birləşmiş Ştatlarında uzunmüddətli ezamiyyətdə olarkən, avtomobil idarə etmək üçün yerli sürücülük vəsiqəsi aldım. Bu prosesin necə sadə olduğu məni təəcübləndirdi və bu haqda təcrübəmlə bölüşürəm.

Avtomobillə ölkəni gəzərkən, sürücülük vəsiqəsinin qaydasında olması çox vacibdir, çünki polis yoxlaması zamanı cərimələnmək mümkündür. Cəriməyə gələndə isə, amerikan polisləri səhvini etiraf etdiyin təqdirdə onu yazmaya da bilərlər. 

Kill Devis Hills, Şimali Karolina

Bir axşam, stop xəttin olmadığı yerdə qırmızı işıqdan keçərkən arxadakı polis maşını bizi saxladı. Lakin, sürücü səhvi etiraf etdiyinə görə heç bir cərimə yazmadı və ehtiyatlı olmağı məsləhət görüb, yaxşı yol arzuladı. Amerikada Polis cərimə toplamaq deyil, yollarda qayda pozulmalarının qarşısını almaq üçün çalışır. Ona görə də xırda qayda pozuntularına göz yumurlar. 

Hətta, Virciniya ştatında yaşayan bir həmyerlimiz danışırdı ki, evinin yanında sola dönmə yol nişanı qoyulub. Tənbəlliyindən hər gün oradan, qayda pozaraq dönür ki, tez evinin qarşısına çıxsın. 10 gün sonra ona yaxınlaşan polis yeni nişanı göstərərək qaydanı pozduğunu söyləyib. Həmyelimiz, hiyləgərlik edib və üzr istəyib. Buna qarşılığında polismen gülərək - “10 gündür burada dayanmışam, görürəm ki, hər dəfə dönürsünüz. Düşünürdüm ki, bəlkə görməmisiniz, ona görə sizə vaxt verməyə qərar verdmişdim. Amma siz hər gün qaydanı pozursunuz, ona görə də sizə cərimə yazacağam”, - deyib. 

Məhz belə üsul, yaxşı rəftarla utnadırma, mədəni-tərbiyəvi söhbət aparmaq insanları gələcəkdə qayda pozmaqdan çəkindirir. 

ABŞ qanunlarına görə, əcnəbi vətəndaş yalnız 1 ay ərzində başqa dövlətin sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilər. Bu müddət ABŞ sərhəddini keçdiyin andan başlayır. 

Azərbaycan sürücülük vəsiqəsi yalnız bizim dildə olduğu üçün onun tərcüməsini və təsdiqini Azərbaycan Respublikasının ABŞ-daki səfiliyində həyata keçirdim. Vəsiqəni e-mail ilə göndərib, təyin olunmuş vaxtda səfirliyiə getdim. Bütün prosedur bir günə və 20 dollara başa gəldi. Lakin bü müvəqqəti həll olduğuna görə, DMV adlanan qurumda növbə üçün onlayn qeydiyyatdan keçdim. 

Sürücülük imtahanını vermək üçün Florida Ştatında, Mayami şəhərinə yaxın DMV-də növbə götürməyə nail oldum. Pandemiya ilə əlaqədar olaraq yaxın müddətə növbə almaq çox çətin idi. Amma, müəyyən tanışlıqlar hesabına qısa müddətdə buna nail olmaq mümkündür. Tanışlıq və sistemi bilmək ABŞ-da çox köməyə gəlir.

Nəzəri imtahana hazırlıq üçün test və cavabları internetdəki çoxsaylı saytlarda və ya YouTube-da tapmaq mümkündür. Hər bir ştatın öz qaydaları olduğuna görə test sualları da fərqlidir. Onları diqqətlə oxuyub, yadda saxlamaq çox asandır. Yadda saxlamadan isə, hərəkət iştirakçılarının qarşılıqlı nəzakəti üzrəində qurulan sualları məntiqlə cavab versəniz səhv etməzsiniz. 

50 sualdan 40-na düzgün cavab verən, testi uğurla keçmiş hesab olunur. Suallar asandır, daha öncə söylədiyim kimi, qarşılıqlı hörmət, dəstək və təhlükəsizlik üzərində qurulub. 

DMV (Department of Motor Vehicles) sürücülük vəsiqələrinin təqdim edilməsini, avtomobillərin qeydiyyatını və nömrə nişanlaraının verilməsini həyata keçirən dövlət qurumudur.

Məsələn: 

“Şosse ilə hərəkət edərkən, digər zolaqdan avtomobil sizin zolağınıza keçmək üçün dönmə işığı yandırıbsa, nə etməlisiniz?” sualının cavabı çox sadədir: sürəti azaldıb, ona şərait yaratmaq lazımdır ki, rahat zolağını dəyişə bilsin. Digər cavablar: sürəti artırıb keçmək, siqnal verib gəldiyinizi xəbərdar etmək, digər zolağa keçmək kimi cavablar olur.

Audiosistemdə CD oxuyub bitdi, onu nə zaman dəyişdirmək olar, sualına cavalar:

  1. Bir neçə saniyəyə dəyişmək
  2. Sürəti azaldıb, dəyişmək
  3. Dayanacaqda olarkən dəyişmək
  4. Yolda başqa avtomobillər olmadıqda

Cavab əlbəttə ki, üçüncüdür, çünki belə halda heç bir təhlükə yaranmır.

Sualların müəyyən hissəsi yol nişanları və ştatın qanunları ilə bağlıdır. Misal üçün, nəqliyyat vasitəsini sərxoş halda idarə etməyə görə cəza, dayancaq qadağa olunan yerdə saxlamağa görə cərimə həddi, avtomobili park edərkən bordyurdan nə qədər aralı saxlamalı, enişdə yaxud yoxuşda park edərkən sükanı hansı tərəfə çevirmək, müəyyən hava şərairində qarşıdakı avtomobilə olan məsafəni nə qədər saxlamalı və yol nişanları ilə bağlı suallardır. 

DMV Florida

Əgər, artıq sürücülük vəsiqəniz varsa, onu təqdim edərək, imtahan vermək mümkündür, əks halda avtomobil məktəbindən arayış təqdim olunmalıdır. İmtahan teslərini müxtəlif dillərdə seçmək mümkündür. Azərbaycan dili olmasa da türk və rus dillərindən birini seçmək olar. Dil seçimindən sonra, test stolundakı ekranda ad çıxır və 1 saat vaxt verilir. Bu vaxt ərzində 50 sualdan 40-na doğru cavab verdikdə test dayanır və onu uğurla keçdiyiniz barədə mesaj çıxır.

Qeyd edim ki, testlər zamanı telefonu heç kim əlindən almır, hətta ondan istifadə etmək də olar, yetər ki, səssiz olasan və digərilərinə mane olmayasan. Heç kim sənə nəzarət etmir və başının üstünü kəsdirmir. Hər şey rahat və sərbəstdir. 

Testi verdikdən sonra praktik imtahana keçirsən. DMV heç bir avtomobil təklif etmir, hər kəs öz avtomobili ilə imtahana qatılır. İmtahana başlamazdan öncə nəzarətçi ətraflı şəkildə nə edəcəyini söyləyir və göstərir. Ondan sonra onun uzaqdan göstərişi ilə hərəkət edirsən. Bu dongə, parklanma, U-turn (geriyə dönmə) kimi hərəkətlərdir. Bu imtahanı verməmək üçün tam “neudaçnik” yaxud naşı olmaq lazımdır. 

Birlikdə sürüş testi verən zaman bir rus qadını çox həyəcanlı olduğu və təlimatçını anlamadığı üçün imtahandan keçə bilmədi. Bu testlərdə dil seçimi yalnız ingilis yaxud ispan dilidir, çünki ABŞ-da yaşayan əhalinin çox hissəsi ispan dillidir.

Amerika yolları

Beləliklə, hər iki imtahanı uğurla verdikdən sonra, 40 dollar ödəniş olunur və A4 formatındakı vərəqdə müvəqqəti sürücülük vəsiqəsi verilir. Plastik vəsiqə isə 2 həftə ərzində yaşayış ünvanına göndərilir. Bəzi hallarda ABŞ-da viza ilə müvəqqəti yaşayanlara plastik vəsiqə deyil, həmin A4 kağızı, visa müddətindən asılı olaraq, müəyyən müddətə verilir. Mənə isə, jurnalist vizası olduğu üçün, 2 illik vəsiqə verildi.

ABŞ-da sürücülük vəsiqəsi ölkə daxilində ən başlıca sənəd hesab olunur, yəni bu ID hər yerdə keçərlidir və bizdəki şəxsiyyət vəsiqəsini əvəz edir. Sürücülük vəsiqəsi olmayanlar isə sadə ID (şəxsiyyət vəsiqəsi) alırlar.

Image alt Image alt Image alt

Azərbaycanda sürücülük vəsiqəsinin alınması ilə qarşılaşdıranda ABŞ-da bunun nə qədər sadə olduğuna təəcüb edirsən. Bizdə bu prosedurlar çətinləşdirilib, amma bununla yanaşı yollarımızda qaydaları bilməyən sürücülərin həddi bəlkə də 80 faizi aşır. 

Amerikada sürücülük vəsiqəsinin alınmasının sadə olması ilə yanaşı, sürücülük etikası, sürücülərin bir-birinə qarşılıqlı dəstəyi, qaydalara hörmət yüksək səviyyədədir. Yalnız Nyu York şəhərində müəyyən istisnalar ola bilər, çünki meqapolisin əhalisi bir az aqressivdir, sürücülər və piyadalar arasında “Fuck you” ifadəsi ən çox işlənəndir. Amma, belə atışmalar elə söz ilə də bitir, heç kim bunu əlbəyaxaya və konfliktə çevirmir, yalnız emosialarını çıxarırlar.

Bizdə amerikanların bir-birinə gülümsəməsini və salamlamasını riyakarlıq saysalar da, bu, amerikan həyat tərzidir. Yəni, ümumiliklə qəbul olunmuş qaydadır. Daxil olduğunuz hər yerdə, mağaza, lift, həyət, idarə və sairədə mütləq hamı bir-biri ilə salamlaşır. Əgər gözləriniz qarşılaşdısa, qarşılıqlı təbəssüm yaranır. Hətta, həftəsonu parkda gəzərkən yanımdan keçən və qarşıma çıxan hər kəs salamlaşıb, bir neçə xoş söz deyərək, keçib gedir. Bu yollarda da belədir - qarşılıqlı hörmət və diqqət qəbul olunmuş normadır.

Bizim ABŞ-dan götürəcəyimiz çox qaydalar var, çünki, yollarda qarşılıqlı hörmət stresi azaldır, qaydalara riayyət ilə birlikdə təhlükəsizliyin yüksəlməsinə yol açır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.