McKinsey beynəlxalq konsaltinq şirkəti batareyalı avtomobillərin ən çox yayıldığı 15 ölkədə yaşayan 30 min elektromobil sahibi arasında sorğu keçirib. Əldə edilən nəticələr təəccüb doğurub: daxili yanma mühərrikləri olmayan avtomobillərin çatışmazlıqlarından ən çox məyus olanlar amerikalılardır - respondentlərin demək olar ki, yarısı ənənəvi modellərə qayıtmaq niyyətindədir!

Amerikalıların məyus olmasının səbəbi qeyri-adekvat ictimai şarj infrastrukturudur. ABŞ Energetika Nazirliyinin milli proqramı çox yavaş irəliləyir və respondentlərin yalnız doqquz faizi öz regionlarındakı elektrokarlar üçün nəzərdə tutulmuş terminalların sayından razıdır. Digər çatışmazlıqlar sahib olmanın yüksək qiyməti və uzun səfərlər üçün elektokardan istifadə etməyin qeyri-mümkün olmasıdır.

Qlobal statistika o qədər də kritik deyil: sorğuda iştirak edən elektromobil sahiblərinin yalnız 29 faizi növbəti dəfə yanacaqlı modellərə qayıtmaq istədiklərini bildiriblər. Eyni zamanda, McKinsey mütəxəssisləri gələcəkdə elektromobillərə sadiq qalan alıcıların sayının artacağından da əmin deyillər: iş ondadır ki, infrastrukturun inkişafı açıq şəkildə geri qalır, gələcək batareyalı modellər isə, ictimai şarj stansiyalarından daha çox asılı olacaqlar.

Digər maraqlı müşahidə. Elektromobil sahibləri avtonomluğun artcağına ümid bəsləyirlər. 2022-ci ildə orta istehlakçı 435 kilometr məsafə qət edəcəyini gözləyirdisə, artıq elektromobilin batareyanı doldurulmadan 469 kilometrə qədər məsafə qət etməsi tələb olunur.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.