Solt-Leyk-Siti şəhərinin polisi 22 yaşlı Fransisko Qonsales Velaskesi 1,6 milyon dəyəri olan Porsche 918 Spyder superkarını qaçırmaq ittihamı ilə həbs etmişdir. Cinayətkar bazar günü gündüz vaxtı vitrin şüşəsini sındıraraq salona daxil olmuş və əlinə keçən ilk açarı götürərək oradakı avtomobillərin birini oğurlamışdır. Bazar günü 16-30 radələrində avtomobili qaçıran Velaskes saat 22-30 radələrində cinayət yerindən səkkiz kvartal uzaqlıqda yaxalanmışdır. Bazar günü avtosalon işləmədiyindən orada kimsə olmamışdır.
Avtomobil salonunun menecerlərindən biri "Road and Track" nəşrinin müxbirinə qaçırılan avtomobilin 918 Spyder modelinin trek variantı olan Weissach Edition modifikasiyasının olduğunu bildirmişdir. Bu modifikasya kuzova vurulmuş Martini naxışları ilə seçilir. Ekstremal rodsterin satış qiyməti 1 milyon 695 min dollar təşkil edir.
Porsche 918 Spyder hibrid superkarı 2013-cü ildən 2015-ci ilə qədər 918 ədədlik tirajla buraxılmışdır. Rodster rərkibinə 608 at qüvvəli 4,6-litrlik V8 mühərriki, 156 və 129 at qüvvəli iki elektromotor daxil olan hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Hibrid aqreqatın ümumi gücü 887 at qüvvəsi təşkil edir.
Trek variantı adi superkardan 35 kiloqram yüngüldür, maqnezium qarışığında hazırlanmış təkər diskləri və aerodinamik elementlər ilə təchiz edilir. Eyni zamanda audiosistemdən, qapı panellərindən və klimatik qurğudan imtina edilmişdir.