Ötən ilin payızında will.i.am təxəllüsü ilə çıxış edən amerikalı musiqiçi və aktyor Uilyam Adams Mercedes-AMG brendinin səfiri olub. Adətən bu “vəzifə” xüsusi bir şeylə yadda qalmır, buna baxmayaraq, Uilyam bu əməkdaşlığın tarixində öz izini qoymağa müvəffəq olub. Tərəfdaşlar Will.I.AMG The Flip adlı eksklüziv kupeni təqdim ediblər.
Bu nəhəng brutal kupe AMG bölməsinin dəstəyi ilə yaradılıb, lakin avtomobilin hazırlanmasında bilavasitə Kaliforniyada fəaliyyət göstərən məşhur West Coast Customs atelyesi iştirak edib. Layihənin əsası olaraq, beş metrə yaxın uzunluğu olan Mercedes-AMG GT 63 S E Performance hibrid liftbəki götürülüb.
Bununla belə, avtomobilin texniki hissəsi dəyişilməyib: 4,0-litrlik V8 biturbo mühərriki və elektrik mühərrikinin tandemi 843 at qüvvəsi və “1400 Nm-dən çox” fırlanma anı hasil edir. Ancaq avtomobilin kuzovu üzərində yaxşıca işləyiblər.
Donor liftbəkindən yalnız xarakterik işıqları olan arxa hissə və yuxarı qalxan baqaj qapağı qalıb. Kuzovun ön hissəsi G-Class modelinin üslubunda hazırlanıb, kapot xeyli uzadılıb, alın şüşəsi isə geri çəkilib. Cəmi iki yan qapı var və bu nəhəng “qapılar” hərəkətin əksi istiqamətinə açılırlar. İnteryer standart elementlərdən hazırlanıb, damda isə, iki şəffaf bölmə quraşdırılıb.
Will.I.AMG The Flip kupesinin kütləvi nümayişi bu həftəsonu Mayamidə keçiriləcək ABŞ Qran Prisi çərçivəsində baş tutmalıdır. Daha sonra bu avtomobilin yaradılmasından bəhs edən altı seriyalı “Drive” filmi ekranlara çıxacaqdır.
Bundan əlavə, bu layihə vasitəsi ilə AMG və Uilyam Adams "əlverişsiz icmalardan” olan yeniyetmələri ilhamlandırmaq istəyirlər. Bu nümunə onları biliklərə can atmağa və gələcəkdə oxşar avtomobillərin yaradılmasında iştiraka sövq etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.