Hər il keçirilən North American Car, Truck and Utility Vehicle of the Year müsabiqəsinin nəticələrinə yekun vurulub. Utility Vehicle nominasiyasının 2017-ci ildə təsis olunmasına baxmayaraq müsabiqənin qısa adı NACTOY kimi qalır.
Bu il nominantların ilkin siyahısına 36 yeni model daxil edilib, onlardan 23-ü ikinci mərhələyə, doqquz model isə finala yüksəlib (hər nominasiyada üç model).Artıq, ABŞ və Kanadadan olan 50 avtomobil jurnalistindən ibarət olan münsiflər heyəti qalibləri müəyyən edib.
Maraqlıdır ki, bu dəfə mükafatçılar arasında bir ədəd olsun belə elektromobil yoxdur, baxmayaraq ki, finala yüksələn modellər arasında “yaşıl” avtomobillər olub. Bu, Amerika üçün çox səciyyəvidir.
Bu yaxınlarda Deloitte agentliyi amerikalılar arasında sorğu aparıb, əldə edilmiş nəticələrə görə, sorğuda iştirak edən amerikalıların yalnız beş faizi elektromobil almağa hazır olduqlarını bildiriblər. Qoşulan hibridlərə (PHEV) səs verənlərin payı da eyni olub. ABŞ-da sorğuda iştirak edənlərin böyük əksəriyyəti (69%) əvvəlki kimi yalnız sırf benzin və ya dizellə işləyən avtomobillərə üstünlük veriblər.
Təəccüblü deyil ki, “İlin minik avtomobili” nominasiyasında qalib benzin mühərrikli yeni nəsil Honda Civic modeli olub. Üstəlik, Civic modelinin amerikan çeşidində sadə hibrid belə yoxdur, lakin Si "qaynar" versiyası var. İlk üçlüyə Volkswagen Golf modeli və istehsalına payızda başlanılmış amerikan Lucid Air elektromobili daxil olub.
Şimali Amerikada 2022-ci ilin “Utilitar avtomobili” (yəni ofrouder və ya krossover), gözlənildiyi kimi, Ford Bronco ofrouderi olub. Onunla birlikdə finala Genesis GV70 krossoveri və Hyundai Ioniq 5 elektrokarı çıxıb.
Yüngül Ford Maverick pikapı "İlin pikapı" nominasiyasında qalib olub. Qeyd etmək gərəkdir ki, bu pikapın hibrid versiyası da var. Ford pikapı bu nominasiyada Hyundai Santa Cruz modeli və Rivian R1T elektrik pikapı ilə qələbə uğrunda mübarizə aparıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.