Kaliforniyada qərarlaşmış prototiplərin, elektrik güc qurğularının və enerji toplayıcılarının hazırlanması ilə məşğul olan Rice Advanced Engineering Systems and Research (RAESR) şirkəti altı mühərrikli Tachyon Speed hiperkarını təqdim edib.
Avtomobil işıqdan sürətli hərəkət edə bilən taxion hipotetik hissəciyinin şərəfinə adlandırılıb. Elektrokarın təcrübə variantını ümumilikdə 1250 at qüvvəsi və 4948 Nm fırlanma anı hasil edən altı elektromühərrik ilə təchiz ediblər. Yerindən 60 mil/saata (96 km/saat) sürətlənməyə hiperkara üç saniyədən az vaxt tələb olunur. 190 km/saat həddinə isə, hiperkar yeddi saniyədən az bir müddətə sürətlənir.
Tachyon Speed modelinin maksimal sürəti 386 km/saatdır. Şəhər rejimində hiperkar 241 kilometr yürüş etmək iqtidarındadır.
Avtomobilin əsasını karbon liflərindən hazırlanmış kuzov panelləri bərkidilən xrommolibdendən düzəldilmiş boruşəkilli rama təşkil edir. Hiperkarın aerodinamik kuzov dəsti, arxa antiqanadı, ön spoyleri və arxa diffuzoru da karbondandır. Hiperkarın bir sıra elementləri 3D çapı vasitəsi ilə polikarbonat və aerokosmik sənayesində istifadə edilən neylondan hazırlanıb.
Tachyon Speed prototipinin təchizatına bir neçə rejimi olan ESP sistemi, dartma vektoruna nəzarət sistemi və klirensi tənzimləməyə imkan verən asqı sistemi daxildir. Dəyişən hücum bucağına malik olan arxa antiqanad 181-450 kiloqram arasında yerəbasma gücü hasil edır. Hiperkarın seriya variantının nə zaman buraxılacağı məlum deyildir.