Skotsdeyldən (Arizona ştatı) olan amerikan Starke tüninq atelyesi 1950-ci ilin Porsche 356 Speedster klassik sportkarının replikasını təklif edir. Replikanın inşası üçün müasir Porsche Boxster modelindən istifadə etmək mümkündür. Bunun üçün 1997 – 2012-ci illər arasında buraxılan istənilən Boxster yararlıdır.
Şirkət Starke Revolution Speedster modelini dörd modifikasiyada – CS. Outlaw, SC və Carbon Fiber Outlaw, - təklif edir. Bu modellərin qiyməti 59,9 min dollardan 149,9 min dollar arasında ola bilər. Baza modifikasiyasının kuzovu şüşəplastikdən, ən bahalı variantın kuzovu isə karbondan hazırlanır. Porsche Boxster modelinin Speedster’ə çevrilməsinə 120 gün tələb olunur. Sportkarlar üçün 220 at qüvvəli 2,7-litrlik və 325 at qüvvəli 3,4-litrlik iş həcmləri olan Porsche mühərrikləri istifadə edilir.
Speedster modelinin ən güclü variantı 380 at qüvvəsinə malik olan 3,7-litrlik mühərrik ilə təchiz edilir. Bu aqreqatı opsional olaraq Outlaw və SC modifikasiyaları üçün də sifariş etmək olar. Bu sizə 40 min dollara başa gələcəkdir. Güc aqreqatları beş pilləli mexaniki və yaxud avtomatik ötürmələr qutusu ilə tandemdə çalışa bilər.
Bundan başqa, avtomobillər tənzimlənən Bilstein amortizatorları, idman buraxılış sistemi və müasir Michelin şinləri ilə təchiz edilir.