Amerikan East Coast Defender tüninq atelyesi Land Rover Defender modelinin eksklyuziv variantını təqdim etmişdir. Yeganə nüsxədə buraxılmış ofroder adının açıqlanmasını istəməyən “məşhur həkimin” sifarişi ilə hazırlanmışdır. Project Viper adını almış layihə 285 min dollara başa gəlmişdir.
Project Viper pikap kuzovlu ofroderin əsasında yaradılmış və General Motors şirkətinin istehsalı olan 430 at qüvvəli 6,2-litrlik səkkiz silindrli mühərriki ilə təchiz edilmişdir. Güc aqreqatı altı pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Bundan başqa, avtomobil yeni radiatora, gücləndirilmiş qolları, körpüləri, amortizatorları və yayları olan klirensi artırılmış asqıya, müdafiə edilmiş yanacaq magistralına, arxada dörd porşenli, öndə isə altı porşеnli Wilwood əyləclərinə və differensialların elektronika ilə idarələnməsinə sahib olmuşdur.
Ofroder Nitto Mud Grappler yolsuzluq şinləri ilə təchiz edilmiş 20-düymlük təkər disklərinə, ön bamperdəki bucurqada, damdakı işıqdiodundan fənərlərə, altlığın və kandarların metal müdafiəsinə, xarici karkasa, sand-traka, alətlərə və yük bölümündə yerləşdirilmiş çənlərə malik olmuşdur.
Avtomobilin salonu dəri ilə işlənmiş, onun avadanlıq siyahısına Kenwood multimedia sistemi, smartfonların induksion doldurulması sistemi, başqa cihazlar paneli və avtomatik kondisioner daxil edilmişdir.
Atelye hər il xüsusi sifarişlərlə 10 ədəd eksklyuziv Defender buraxmağı planlaşdırır. East Coast Defender şirkətindən məhdud sayda buraxılışın eksklyuzivliyi təmin etdiyini xüsusi olaraq vurğulamışdırlar.