Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) 2024-cü model ilinin bütün Mercedes-Benz modellərinin siyahısını əks etdirən sənədi yayımlayıb. Sızma sayəsində, yeni modellərin təqdimatından öncə, onlar haqqında təfərrüatları öyrənmək mümkündür. AMG bölməsinin hazırladığı CLE kupe və kabrioletlərinin “53” indeksini, mühərriki isə GLE 53 krossoverindən miras alacağı təsdiqlənib. Yeni Mercedes-AMG GT superkarı isə “55” və “63” indeksli versiyalarda təklif olunacaq.
Mercedes-Benz CLE ailəsi keçən həftə debüt edib, lakin təqdimatda "bərkgedən" modellər barədə heç bir məlumat verilməyib. EPA sayəsində AMG CLE 53 4Matic+ kupe və kabrioletinin yumşaq hibridə çevriləcəyi, onun kapotun altında isə 3,0-litrlik M 256 “turboaltılığının” yerləşəcəyi artıq məlumdur.
Zavoddaxili indeksə əsasən, söhbət yenilənmiş AMG GLE 53 krossoverlərində istifadə edilən eyni mühərrikdən gedir. Müvafiq olaraq, mühərrikin hasilatı 435 at qüvvəsi və 560 Nm fırlanma anı olacaqdır. Hələ təqdim olunmayan ikinci nəsil AMG GT kupesinə gəlincə, o, V8 mühərrikini AMG SL rodsterindən miras olaraq alacaqdır. Yəqin ki, AMG GT 55 baza versiyası 476 at qüvvəsi və 700 Nm-ə, opsional AMG GT 63 isə 585 at qüvvəsi və 800 Nm-ə malik olacaqdır.
Yeni Mercedes-AMG kupesinin təqdimatı yaxın aylarda baş tutmalıdır, CLE modelinin top versiyası və AMG GT modelinin ikinci nəsli bir il ərzində Amerika bazarında satışa çıxmalıdırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.