Beşinci nəsil Toyota RAV4 krossoveri yapon istehsalçısının ən etibarsız avtomobili hesab edilir. Belə nəticəyə, avtomobil sahiblərinin şikayətlərinə baxan ən böyük internet resurslarının məlumatlarını tədqiq edən amerikan Slashgear nəşri gəlib. Mütəxəssislər apardıqları araşdırma zamanı, 2019-cu ildən bəri istehsal olunan yapon modelinin ən zəif nöqtəsinin asqısı olduğu qənaətinə gəliblər.

Toyota RAV4 modelinin sahibləri təxminən beş min kilometr yürüyüşdən sonra krossoverin asqısı ilə bağlı müxtəlif problemlərin ortaya çıxdığından şikayət ediblər. Onlar təmirin orta hesabla iki min dollara başa gəldiyini bildiriblər. Bundan əlavə, avtomobil sahibləri tez-tez su sızdıran lyuku, həmçinin elektronikanın nasazlıqlarını da qeyd etməyi yaddan çıxarmayıblar.

Eyni zamanda, Toyota RAV4 modeli dəfələrlə kütləvi geriçağırma kampaniyalarına məruz qalıb. Əksər hallarda krossoveri yanacaq nasosu və soyuducu mayenin mümkün sızması ilə bağlı problemlər səbəbindən xidmət mərkəzlərinə çağırıblar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.