Brown Lee Performance atelyesi Ford Mustang modelinin xüsusi versiyasını hazırlayıb. Ford Gulf Heritage Mustang modeli Gulf livreyasına və 5,0-litrlik kompressorlu V8 mühərrikinə sahib olub. Sportkarı həm fastbek, həm də açıq kuzov ilə sifariş etmək mümkündür.
Brown Lee Performance atelyesinin mütəxəssisləri üç prinsipi əldə rəhbər tutublar: güc, sürət və miras. Xüsusi seriyadan olan avtomobil Coyote ailəsindən olan 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Mütəxəssislər mühərrikin gücünü 811 at qüvvəsinə, fırlanma anını isə 915 Nm-ə qədər artırıblar. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu və ya 6-pilləli mexaniki qutu ilə tandemdə çalışa bilər.
Güclü mühərrik ilə yanaşı, Ford Mustanq yeni asqı sisteminə və karbondan hazırlanmış aerodinamik kuzov detallarına sahib olub. Lakin, avtomobilin ən yadda qalan elementi vaxtı ilə Le Manda yarışmış Ford GT40 yarış avtomobillərinin üslubunda olan Gulf livreyasıdır. Avtomobilin salon tərtibatında dəri və alkantaradan, həmçinin narıncı və mavi rəngli seçilən tikişlərdən istifadə edilib.
Atelye cəmi 119 ədəd Gulf Heritage Mustang modelini buraxmağı planlaşdırır. Avtomobilin qiyməti 139995 dollardır. Sportkara üçillik zəmanət də verilir.