Amerikada yaşayan avtomobil sahiblərinin dördə biri elektrokar almağa hazırdırlar. Bunu, Amerikan Avtomobil Assosiasiyası (AAA) tərəfindən aparılmış sorğu göstərib. Eskpertlər belə nəticəni benzinin qiymətinin kəskin qalxması fonunda əldə ediblər. Xatırladaq ki, ABŞ-da benzinin bir qallonunun qiyməti rekord həddə - 5,02 (8 manat 53 qəpik) dollara çatıb. Başqa sözlə, bir litr benzin üçün 1,33 dollar (2 manat 26 qəpik) ödəmək gərəkdir.
Odur ki, qənaət etmək istəyi amerikalıları elektrokarlara nəzər salmağa məcbur edir, lakin onların yüksək qiyməti və inkişaf etməmiş infrastruktur potensial alıcıları çəkindirən faktlardan biridir.
AAA bildirdiyinə görə, elektromobillərə keçmək istəyənlər arasında gənclər çoxluq təşkil edir – onları payı 30 faizə çatır. Gənclərin 77 faizi elektromobillərə olan marağı bahalı benzinə pul xərcləməyin qarşısını almaq istəyi ilə izah ediblər.
AAA sonuncu dəfə belə sorğunu 2019-cu ildə keçirib. O zaman nəticələr fərqli olub: respondentlərin yalnız 16 faizi elektrokar alınmasının tərəfdarı olub, yəni bu, 2022-ci illə müqayisədə təxminən iki dəfə azdır.
Şimali Amerika bazarında elektromobillərin satış rəqəmləri, hələlik alıcıların dəyişən əhval-ruhiyyəsini əks etdirmir: keçən il “batareyalı” avtomobillərin ümumi satılardakı payı cəmi 3,2 faiz təşkil edib. Bununla belə, mütəxəssislərin fikrincə, yanacağın yüksək qiyməti və seqment üzrə artan model çeşidi tezliklə vəziyyəti dəyişdirə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.