Ford şirkətinin amerikan dilerləri Ford Mustang Shelby GT500 modelini mümkün qədər çoxlu opsiyalar və əlavə dəstlər ilə təchiz etməkdə yarışırlar. Bu günlərdə Los Ancelesdə əlavə avadanlıq sayəsində qiyməti 74 mindən 150 minə qədər artan avtomobil satışa çıxarılıb. Lakin, bir müddət sonra yeni rekord qeydə alınıb – 169.999 dollar.
Autoblog.com saytının bildirdiyinə görə, 170 min dollara qiymətləndirilmiş sportkar elə də geniş avadanlıq siyahısı ilə fərqlənmir. DCH Ford dileri mərkəzi siyahıda standart təchizata daxil olan Sync 3 multimedia sistemini və 20-düymlük təkər disklərini göstərib. 150 minə satılan Mustang Shelby GT500 modelindən fərqli olaraq bu model nə yarış zolaqlarına (10 min dollar), nə də ki, karbon kuzov dəstinə (18,5 min dollar) sahib deyil.
Buna baxmayaraq, avtomobili həqiqətən 170 min dollara satırlar. Bu qiymətə Aston Martin Vantage və ya Porsche 911 GT3 modellərini əldə etmək olar. Avtomobilin qiymətinin iki dəfə artmasının səbəbini öyrənmək mümkün olmayıb.