Amerika Birləşmiş Ştatlarında pikapları çox sevirlər. Bu günlərdə Amerikada yaşayan dostum, kafedə oturub qəhvə içən iki xanımın durmadan sahib olduqları pikapları təriflədiklərinin şahidi olduğunu mənə söyləyib. Həqiqətən də, ABŞ-da pikap istehsal etməyən avtoistehsalçı uğursuzluğa düçardır.
Amerikalıların bildirdiyinə görə, bu günki Amerikanın inşa edilməsində F seriyasından olan Ford pikaplarının xüsusi xidmətləri vardır. 1948-ci ildə debüt etmiş Ford pikapı II Dünya müharibəsindən sonra amerikalılara işləmək imkanı yaradıb. 1953-cü ildə təqdim edilmiş F100 pikapı isə, ağır işlərdə çalışmaqla yanaşı, amerikalılara təbiətə yollanaraq dincəlmə şansını verib.
Bu günlərdə Kaliforniyada 1953-cü ilin Ford F100 pikapı satışa çıxarılıb. Tamamilə bərpa edilmiş pikap sanki Ford zavodunun qapılarından indi çıxıb. 215 at qüvvəli altısilindrli mühərrik və 3-pilləli avtomatik qutu ilə təchiz edilmiş Coral Flame qırmızı rəngli pikap istənilən kolleksiyanın ulduzu ola bilər.