Hazırda Mercedes-Benz GLB model xəttinin flaqmanı Mercedes-AMG GLB 35 kompakt krossoveri sayılır, lakin tezliklə bu vəziyyət dəyişə bilər.
“Automobile” nəşrinin bildirdiyinə görə, ABŞ-ın Patent və Ticarət Nişanları Bürosunun (USPTO) kataloqunda tapılan ərizə, Mercedes-AMG bölməsinin 45 indeksini alacaq GLB krossoverini buraxacağına işarə edir. Yeni Mercedes-AMG GLB 45 modeli, keçən il təqdim olunan və 306 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilən AMG GLB 35 modelini taxtından edəcəkdir. AMG modelləri arasında ən yavaş model sayılan GLB 35 krossoveri 100 km/saat həddini 5,2 saniyəyə toplayır.
Mercedes-AMG GLB 45 modelinə gəldikdə isə, “bərkgedən” krossoverin dünyanın ən güclü 2,0-litrlik turbomühərrikini alacağını əminliklə söyləmək olar. 45 seriyasından olan digər modellərdə quraşdırılan bu aqreqat, adi 45 indeksli versiyada 387 at qüvvəsi, 45 S variantında isə 421 at qüvvəsi təklif edir. Patent təsvirlərinə baxsaq, GLB 45 modelinin GLB 35 versiyasından ciddi fərqlənməyəcəyini görmək olar: krossover fərqli ön bamperə və səsboğucu sistemin dörd çıxış borusuna sahib olacaqdır. Mercedes-AMG GLB 45 krossoverinin təqdimatının yaxın aylarda keçirləcəyi ehtimal olunur.