2021-ci ildə, avtomobil sənayesinin elektromobilləşməsinin geniş vüsət aldığı bir zamanda, Mercedes-Benz şirkəti AMG bölməsinin idman elektromobillərinin tam xəttini hazırlayacağını elan etmişdi. Yeni seriyanın ilk məhsulu, carçısı 2022-ci ildə nümayiş etdirilmiş Vision AMG konsepti sayılan idman sedanı olmalı idi.
Üç il sonra isə, bu layihə daha real Mercedes-AMG GT XX prototipinə çevrildi və indi alman avtomobil nəhəngi çoxdan gözlənilən modelin seriya versiyasını rəsmi olaraq təqdim edib. O, Mercedes-AMG GT 4-Door Coupe adlanır və eyni adlı daxiliyanma mühərrikli idman fastbəkinin varisi sayılır. Yeni modelin əsas rəqiblərinin Porsche Taycan və Audi e-tron GT olacağı gözlənilir.
AMG GT 4-Door Coupe elektrik modelinin hazırlanmasına cddii vəsait və resurslar qoyulub. Avtomobil üçün, beşqapılı fastbək kuzovun altında gizlənmiş ən yeni 800 voltluq AMG.EA elektrik platformasını yaradıblar. Gözlənilənlərin əksinə olaraq, seriya modeli AMG GT XX konseptinin tam surəti deyil, lakin bir neçə Mercedes-Benz konseptinə istinad edən dizayna malikdir.
Ön tərəfdə şaquli çubuqları olan trapesiya formalı firma “radiator barmaqlığı”, eləcə də üçşüalı ulduz formasında gündüz hərəkət işıqları olan faraları birləşdirən bənd var. Alçaq siluet əzələli qanadlar və irəli çıxan qapı tutacaqları ilə tamamlanır, arxa hissədə isə, qara oval panelin, LED lentin və altı dairəvi arxa işıqların birləşməsi var.
Aktiv aerodinamik elementlər – irəli çıxan arxa spoyler, aktiv jalüzilər və idman diffuzoru, - xüsusi diqqətə layiqdir. Bütün bunlar Aerokinetics sisteminin bir hissəsidir və yerəsıxma qüvvəsini artırmaq üçün nəzərdə tutulub. AMG GT 4 Door Coupe modelinin aerodinamik müqavimət əmsalı 0,22-dən çox deyil.
Elektrik fastbəkinin uzunluğu 5094, eni – 1959, hündürlüyü - 1411, təkər bazası isə, 3040 millimetrdir. Standart təchizata diametri 19 ilə 21 düym arasında dəyişən təkər diskləri daxildir. Əlavə ödəniş müqabilində xüsusi 21-düymlük “aerodiskləri” və “aeroşinləri” sifariş etmək mümkündür ki, bu da müvafiq olaraq yürüş məsafəsini 14 və 30 kilometr artırır.
Elektrofastbəkin interyeri Mercedes-Benz markasının mövcud üslubunda, lakin daha aydın şəkildə sürücüyönlü dizayna malikdir. Salonda çevrilmiş mərkəzi konsolu olan iri ön panel diqqəti çəkir.
Standart təchizata 10,2-düymlük rəqəmsal cihazlar paneli və MBUX Zero Layer məlumat-əyləncə sisteminin 14-düymlük sensorlu ekranı daxildir. Onları mərkəzi tunelə inteqrasiya olunmuş AMG Race Engineer tənzimləyiciləri, konfiqurasiya edilə bilən OLED düymələri olan çoxfunksiyalı sükan və ön sərnişin üçün əlavə 14 düymlük displey tamamlayır.
Bundan əlavə, AMG GT 4-Door Coupe qabaqcıl kontur işıqlandırması, dəri, alkantara və karbonplastik ilə tərtibat, eləcə də qaralma funksiyası olan iki hissəli Sky Control panoram damı ilə təchiz edilir.
Əlavə ödəniş qarşılığında, AMG Performance idman oturacaqları, ikinci sıranın fərdi oturacaqlarının yerinə üç nəfərlik divan, Burmester High-End 4D audio sistemi və Manufaktur bölməsinin əlavə fərdiləşdirmə elementləri təklif olunur.
Tərtibatçılar qabaqcıl elektronikanı da unutmayıblar. Standart MBUX məlumat-əyləncə sistemi süni intellektli səs köməkçisi, inteqrasiya olunmuş tətbiqlər mağazası və bir sıra idman funksiyaları ilə təchiz edilib.
O, telemetriya məlumatlarını göstərə, dövrə vaxtlarını və parametrlərini qeyd edə, yarışın videosunu yaza və hətta populyar treklərdə optimal trayektoriyalar barədə məsləhətlər verə bilər. Sistemə məşhur Nürburqrinq və Spa-Frankorşam treklərinin konfiqurasiyaları əvvəlcədən inteqrasiya olunub.
Hərəkət hissəsinin əsasını yanaəyilmələrin boğulması üçün yarı aktiv hidravlik stabilizasiya sisteminə malik olan çoxqollu AMG Active Ride Control pnevmoasqısı və arxa təkərləri 6 dərəcəyə qədər dönə bilən tam idarələnən şassi təşkil edir.
Bütün sistemləri idarə etmək üçün yeddi hərəkət rejimi mövcuddur: Comfort, Sport, Race, Slippery, Eco, Individual və AMG Force S+, habelə ayrıca AMG Race Engineer incə tənzimləmə modulu. Bu rejimlər asqı, sükan və güc aqreqatının xarakteristikalarını dəyişdirir, AMG Force S+ rejimi isə, hətta Mercedes-AMG GT R modelinin ötürmələrini və V8 mühərrikinin səsini təqlid edə bilər.
İdman avtomobilini Britaniyanin Yasa şirkəti tərəfindən hazırlanmış üç yığcam aksial güc qurğusu hərəkətə gətirir. Onlar HP.EDU dartma modullarında birləşdirilib və oxlar arasında paylanıblar: ön tərəfdə invertor və maye soyutma sistemi olan bir mühərrik, arxa tərəfdə isə, planetar reduktor, iki invertora və yağla soyutma sisteminə qoşulmuş iki elektrik mühərriki var.
Ön modul yalnız intensiv sürətlənmə və ya regenerativ əyləcləmə zamanı işə düşür. Mercedes-AMG GT XX prototipində belə güc qurğusu heybətli 1360 at qüvvəsi hasil edirdi, lakin seriya avtomobili üçün onu azaltmaq qərara alınıb.
Yeni AMG GT 4-Door Coupe, satışa çıxarıldığı zaman iki üçmühərrikli versiyada - GT 55 və GT 63 - təklif olunacaq. Birincisi, 816 at qüvvəsi və 1800 Nm fırlanma anı hasil edir ki, bu da 0-dan 100 km/saat sürətini 2,5 saniyəyə, 0-dan 200 km/saat sürətini isə, 8,7 saniyəyə yığmağa kifayətdir.
Daha güclü GT 63, versiyası isə, aktivləşdirilmiş Launch Control və batareyada 80 faizlik cərəyan olması şərti ilə 1169 at qüvvəsi və 2000 Nm fırlanma anı hasil edir. Bu idman avtomobilini 0-dan 100 km/saata 2,1 saniyəyə, 0-dan 200 km/saata isə 6,4 saniyəyə sürətləndirməyə imkan verir.
Hər iki versiyanın çəkisi 2460 kiloqramdır və opsional Driver's Package ilə onların maksimal sürəti 300 km/saata çatır. Avtomobilin hidravlik əyləc sistemi ön tərəfdə karbon-keramika diskləri, arxa tərəfdə isə, polad diskləri ehtiva edir.
Enerji mənbəyi kimi, kuzovun güc quruluşuna inteqrasiya edilmiş və avtoidmandan götürülmüş texnologiyalardan istifadə olunaraq hazırlandığı iddia edilən 106 kilovat/saatlıq nikel-kobalt-manqan-alüminium batareyası çıxış edir. O, 18 modulda birləşdirilmiş və lazerlə qaynaqlanmış alüminium korpusda yerləşdirilmiş, hündürlüyü 105 millimetr və diametri 26 millimetr olan 2660 silindrik elementdən ibarətdir.
Batareya 600 kilovata qədər gücü olan şarjı dəstəkləyir. Cəmi 11 dəqiqə ərzində batareya 10%-dən 80%-ə qədər enerji ilə doldurula və ya 10 dəqiqə ərzində 460 kilometrə qədər əlavə gediş ehtiyatı bərpa edilə bilər. Gediş məsafəsi versiyadan asılı olaraq dəyişir: GT 55 WLTP dövrünə uyğun olaraq 770 kilometrə qədər, GT 63 isə, 696 kilometrə qədər məsafə qət edə bilir.
Mercedes-AMG GT 4-Door Coupe modelinin istehsalına bu yay Almaniyada, Zindelfingendəki zavodda başlanacaq. Yeni modelin qiyməti hələlik açıqlanmayıb, lakin onun rəqiblərinin qiyməti 100.000 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









