Əvvəllər Gumper kimi tanınmış Apollo Automobil şirkəti yeni Apollo Intensa Emozione (IE) hiperkarının tizerini dərc edib. Trek avtomobili 10 ədədlik məhdud sayda tirajla istehsal ediləcəkdir. İlk avtomobilləri müştərilərə 2018-ci ilin əvvəlində təhvil verəcəkdirlər.
Yeni hiperkarın təqdimat mərasimi 24 oktyabr tarixinə təyin edilibdir. Apollo IE modeli karbon liflərindən hazırlanmış yeni şassidə inşa olunacaq və atmosfer tipli V12 mühərriki ilə hərəkətə gələcəkdir. Trek hiperkarının alıcıları, şirkətin müştəriləri üçün nəzərdə tutulmuş həvəskar yarış seriyası olan Time Attack proqramına eksklyuziv qoşulma imkanı da əldə edəcəkdirlər. Bundan əlavə, onlar, hiperkarın gələn ilin sonunda işıq üzü görəcək ümumi yollar üçün olan modifikasiyasını əldə etmək üstünlüyünə malik olacaqdırlar.
Apollo Automobil GmbH şirkətinin sonuncu təqdim etdiyi avtomobil Arrow («Ox») adını almış ortamühərrikli superkardır.
Karbondan hazırlanmış kuzova və «qağayı qanadları» üslubunda açılan qapılara malik olan superkarın ağırlığı 1300 kiloqramdır. Cenevrədə təqdim edilmiş Apollo Arrow superkarı 1000 at qüvvəsi və 1000 Nm fırlanma anı olan dörd litrlik iki turboüfürməli V8 mühərriki ilə hərəkətə gəlir.
Güc aqreqatı yeddi pilləli sekvental sürətlər qutusu ilə birgə çalışır. Apollo Arrow yerindən 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir. Avtomobilin 200 km/saat həddinə çatmasına isə 8,8 saniyə vaxt tələb olunur. Apollo Arrow superkarının maksimal sürəti saatda 360 kilometrdir.