Apple-ın sentyabr təqdimatında yeni iPhone modelləri, daha ağıllı qulaqlıqlar və funksional saatlar təqdim olundu. Bu ilki yeniliklər texniki baxımdan diqqətəlayiq olsa da, tam inqilabi dəyişikliklər baş vermədi. Amma bəzi modellər yeni trendin əsasını qoya bilər.

Yeni iPhone ailəsi
Apple bu il dörd yeni iPhone təqdim etdi. “Plus” modeli artıq tarixə qovuşub, onun yerini yeni iPhone Air tutub. Air modeli Apple tarixində ən nazik iPhone oldu — cəmi 5.6 mm qalınlığında, hətta iPhone 6-dan da nazikdir.

iPhone Air modelinin nazik korpus səbəbilə cihaz yalnız bir ədəd 48 MP kamera ilə təchiz olunub. Bu kamera 2x optik zoom və 4K 60 kadr video çəkilişi imkanı verir. Bu kamera sıravi istifadəçinin bütün əsas ehtiyaclarını qarşılayır. Ön kamera 18 MP-dir və yeni Center Stage (Ultra-geniş ön kamera və Aİ texnologiyasından istifadə olunaraq video zəng və çəkiliş zamanı istifadəçini avtomatik olaraq görüntü çərçivəsinin mərkəzində saxlayır) funksiyasını dəstəkləyir. Eyni anda ön və arxa kamera ilə çəkiliş imkanı təqdim olunur ki, bu da blogerlər və icmal videoları üçün olduqca faydalıdır.
Ekran 6.5 düym ölçüsündədir, 120 Hz yenilənmə tezliyi və Always-On Display funksiyası ilə təchiz olunub. Əsas yaddaş 256 GB-dan başlayır, cihaz A19 Pro çipi ilə işləyir. ABŞ-da başlanğıc qiyməti 999 dollardır.
Dizayn baxımından Air modeli zərif və minimalist görünür. Dörd rəngdə təqdim olunur: qara, ağ, səma mavisi və açıq qızılı. Bu incəliyin bədəli isə batareya ömründə hiss olunur — video izləmə rejimində 27 saata qədər davam edir. İstehsalçı gündəlik istifadə üçün bunun kifayət etdiyini bildirir, lakin əsl vəziyyəti real testlər göstərəcək. Məncə, bu batareya elə də ürəkaçan olmayacaq və əlavə kompakt MagSafe batareyasını almaq lazım gələcək.

Ən çox satılacağı gözlənilən model isə, iPhone 17-dir. Dizayn baxımından o, iPhone 16-nı təkrar edir. Artıq 128 GB yaddaş təqdim olunmur, yeni smartfon minimum 256 GB, maksimum isə 512 GB yaddaşla gəlir.
Ekran ölçüsü 6.3 düymə yüksəlib, 120 Hz və Always-On Display funksiyası əlavə olunub. İndi ekran Ceramic Shield 2 ilə qorunur, bu da iki dəfə daha dözümlü səth deməkdir.
Cihaz A19 çipi ilə işləyir və qiyməti ABŞ-da 799 dollardan başlayır. Arxa kameraların hər ikisi 48 MP-dir, ön kamera isə 18 MP. Bu model sıravi alıcı üçün həm nisbətən əlverişli, həm də funksional baxımdan tam yetərlidir.

Ən maraqlı yeniliklər isə, iPhone 17 Pro və Pro Max modellərindədir. Bu cihazlar yeni unibody alüminium korpusa malikdirlər. Belə korpus həm əyilməyə qarşı daha dözümlüdür, həm də cihazı yüngülləşdirir. Şüşə qapağın sahəsi azaldılıb və yalnız simsiz şarj modulunun üzərində yerləşir. Apple bu şüşənin cızılma və qırılmaya qarşı daha davamlı olduğunu bildirir, amma yenə də qoruyucu üzlük istifadə etmək tövsiyə olunur.

Kamera bloku indi cihazın bütün enini əhatə edir və üç kamera modulu — hamısı 48 MP — ilə təchiz olunub. Bu sistem 8x zoom funksiyasını keyfiyyət itkisi olmadan təmin edir. Yüksək keyfiyyətli video çəkiliş imkanları bu modeli peşəkar istifadəçilər üçün cəlbedici edir. iPhone Pro kameraları və proqram təminatı yavaş-yavaş kino standartlarına yaxınlaşır.
Digər modellərdə olduğu kimi, A19 Pro çipi sayəsində səmərəlilik daha da güclənib. Yeni Apple Silicon çiplər və xüsusi soyutma sistemi batareyanın ömrünü artırıb — video izləmə rejimində 39 saata qədər davam edir. Apple bu göstəricini ön plana çıxarır, lakin real istifadə müddəti hər kəsdə fərqli ola bilər.
Pro modelin qiyməti ABŞ-da 1,099 dollardan, Pro Max-ın isə, 1,199 dollardan başlayır.

Yeni Apple Watch modelləri
Apple Watch SE 3, Series 11 və Ultra 3 modelləri təqdim olundu. Series 11 və Ultra 3 artıq hipertoniya riskini xəbər verə bilir. Saat qan təzyiqini ölçmür, lakin kritik dəyişiklik olduqda xəbərdarlıq edir. Bu funksiya mövcud sensorlar və süni intellektin birgə işi isayəsində mümkün olub. Batareyanın ömrü də artırılıb: Series 11 24 saat, Ultra 3 isə, 42 saat işləyə bilir.
Apple Watch SE 3 modeli daha əlçatan qiymətlərlə təklif edilir və nəhayət ki, Always-On Display funksiyasına sahib olub. Bu yenilik onu tam funksional ağıllı saat halına gətirir. Qiyməti ABŞ-da 250 dollardan başlayır.

AirPods Pro 3
Yeni AirPods Pro 3 qulaqlıqları da təqdim olundu. Onun dizaynı bir qədər dəyişib və daha çox qulaq formasına uyğunlaşdırılıb. Səs keyfiyyəti, aktiv səsboğucu və şəffaflıq rejimi təkmilləşdirilib. Ən maraqlı yenilik isə, danışığı real vaxt rejimində digər dillərə tərcümə etmək funksiyasıdır. Azərbaycan dilinin bu siyahıda olacağını gözləmirəm, amma türk dilinin daxil edilməsi ehtimalı yüksəkdir.
Bundan əlavə, qulaqlıqlara ürək döyüntüsünü ölçən sensorlar əlavə olunub. İdmanla məşğul olanlar artıq Apple Watch olmadan da bədən göstəricilərini izləyə biləcəklər.

iOS 26 və digər sistem yenilənmələri
Apple sentyabr təqdimatında yeni əməliyyat sistemlərinin çıxış tarixini də açıqladı. 15 sentyabrda iOS 26, iPadOS 26, watchOS 26, macOS Tahoe 26, tvOS 26 və visionOS 26 versiyaları yayımlanacaq. Xüsusilə iOS 26 ilə iPhone-lar daha funksional və maraqlı hala gələcək, yeni imkanlar açılacaq.
Analitiklərin fikrincə, iOS 26 köhnə modellərin də səmərəliliyini artıracaq. Bu versiya iPhone 11 və daha yeni cihazlar üçün əlçatandır və sistemin sürətini, stabil işləməsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq.
Apple bu il texniki yeniliklər təqdim etdi. Smart qurğular daha da təkmilləşdirildi, yeni funksiyalar əlavə olundu. Tam inqilab olmasa da, yeniliklər diqqətəlayiqdir.
iPhone Air yeni trendin əsasını qoya bilər. Düşünürəm ki, müəyyən alıcı kütləsi Pro modelinə deyil, məhz Air-ə üstünlük verəcək, çünki istifadəçilər vizual yenilik axtarır və bu model zahiri görünüşü ilə fərqlənir.

Samsung S25 Edge vs Apple iPhone Air
Yaxın zamanda digər istehsalçıların da “Air” tipli modellər təqdim edəcəyindən əminəm. Samsung artıq analoji 200MP+12MP iki arxa kameraya malik olan S25 Edge smartfonunu təklif edir. Apple təqdimatından sonra koreyalı rəqib sosial şəbəkərldə Apple yeniliklərinə rişxənd ilə iki ultraincə smartfonu müqayisə edir.
Şəxsən mən iPhone 17 Pro modelinə üstünlük verirəm, çünki fəaliyyətimdə yüksək keyfiyyətli video çəkiliş əsas rol oynayır. Burada yalnız kameraların texniki göstəriciləri deyil, həm də proqram təminatı vacibdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.