Müasir avtomobillərdəki dəbli nəhəng ekranlar həm dizaynerlər, həm də adi sürücülər tərəfindən getdikcə daha çox tənqidə məruz qalırlar. İsveçin “Vi Bilägare” nəşri sensorlu displeylərin istifadə rahatlığında fiziki düymələrdən geridə qalıb-qalmadığını öyrənmək qərarına gəlib. İsveç jurnalistləri sorğulara və subyektiv fikirlərə etibar etməyərək, sürücülərin müxtəlif funksiyaları idarə etmək üçün sərf etdikləri vaxtı ölçən araşdırma aparıblar. Nəticə heç də sensorlu ekranların xeyrinə olmayıb.
Tədqiqat üçün isveçlilər taçskrinli multimedia sistemləri olan 11 müasir avtomobili seçiblər, onların rəqibi isə, 2005-ci ilin Volvo V70 modeli olub. Könüllü sürücülərdən avtomobili sürərkən bir sıra sadə hərəkətləri yerinə yetirmək tapşırılıb: oturacaqların qızdırılmasını aktivləşdirmək, salondakı temperaturu iki dərəcə artırmaq, ön şüşəni qızdırmaq, müəyyən radiostansiyanı seçmək və naviqatorun tənzimləmələrini sıfırlamaq. Eyni zamanda, onlara əvvəlcədən avtomobillə yaxından tanış olmaq üçün bütün imkanlar yaradılıb.
Sürücülərə 17 yaşlı Volvo universalında bütün tapşırıqları yerinə yetirməyə cəmi 10 saniyə gərək olub. Avtomobil 110 km/saat sürəti ilə hərəkət edib və bu müddət ərzində təxminən 300 metr məsafəni qət etməyi bacarıb. Yeni avtomobillərdən ən yaxşı nəticəni Dacia Sandero və Volvo C40 modelləri göstəriblər - müvafiq olaraq, 13,5 və 13,7 saniyə.
Qalan taçskrinlər o qədər rahat olmayıblar. Ən pis nəticəni MG Marvel R sistemi göstərib - sürücüsü verilən tapşırıqları yerinə yetirmək üçün 44,9 saniyə sərf etməli olub. Bu müddət ərzində avtomobil 1,3 kilometr yol qət edib. Analitiklərin fikrincə, adi düymələr və açarlar sürücüyə toxunma duyğularından istifadə edərək istədiyi açarı tapmağa yardım edir, taçskrinlər isə, onları baxışlarını yoldan ayırmağa məcbur edir.
Ən yaxşı nəticəni məlumat-əyləncə sisteminə quraşdırılmış minimum funksiyaları olan müasir modellər nümayiş etdiriblər. Belə sistemlərddə quraşdırılmış funksiyalar nə qədər çox olarsa, onları idarə etmək bir o qədər çətindir. Bununla belə, salonda fiziki düymələri də olan BMW iX elektrik krossoveri 30,4 saniyəlik nəticə ilə ən çətin idarəolunan avtomobillərdən biri olub.
Müasir avtomobillərin sürücüləri tapşırıqları yerinə yetirmək üçün orta hesabla 24,7 saniyə sərf ediblər - bu, sensorlu ekranı olmayan avtomobildə alınan nəticələrdən təxminən iki yarım dəfə çoxdur.
İyun ayında DS Automobiles (Citroen şirkətinin premium subbrendi) dizaynerləri gələcək modellərin interyerlərini ekransız gördüklərini söyləyiblər. Onlar bu fikirlərində yalnız deyillər: iki ay əvvəl BMW i xəttinin interyer dizayneri Matias Yunqhans da avtomobillərdə nəhəng displeylərin üstünlüyünün tezliklə sona çatacağını söyləmişdi.
Onların fikrincə, nəhəng qara səthləri tədricən eyni funksiyaları yerinə yetirəcək, lakin daha az müdaxilə tələb edəcək və istifadədə daha rahat olacaq digər texnologiyalar əvəzləyəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.