Böyük Britaniyadan olan Arash Cars firması 2080 at qüvvəsi olan hibrid güc aqreqatı ilə təchiz edilmiş AF110 Hybrid superkarın istehsal edəcəyini bəyan etmişdir. Çox güman ki, superkarın kütləvi nümayişi Cenevrə avtomobil sərgisində baş tutacaqdır. Avtomobilin qabarit uzunluğu 4645 millimetr, eni - 2001 millimetr, hündürlüyü isə 1165 millimetrdir. Superkarın təkərlərarası bazasının uzunluğu 2730 millimetr təşkil edir. İlk AF110 superkarı 2006-cı ildə təqdim edilsə də, bu sahədə heç bir irəliləyiş olmamışdır.
Arash AF110 Hybrid superkarı karbon və aramiddən istifadə edilməklə hazırlanmış 13 elementdən ibarət və çəkisi yüksək dərəcədə az olan şassidə yığılacaqdır. Bu şassidə həmçinin, alüminium və kompozit materiallardan hazırlanmış sendviç-panellərdən də istifadə ediləcəkdir. Avtomobildə xüsusi hidravlik sistem quraşdırılmışdır ki, onun sayəsində də superkarın klirensinin 150 millimetr azaldıb-artırmaq mümkündür. Elektro-hidravlik ötürmə ilə idarə edilən qapıları əl jestlərinin köməyi ilə açmaq və bağlamaq mümkündür.
AF110 Hybrid superkarı General Motors istehsalı olan 6,2 litrlik kompresorlu V8 mühərriki ilə təchiz edilir. Bu mühərrik 900 at qüvvəsinə və 1200 Nm fırlanma anına malikdir. Bundan başqa, hibrid güc aqreqatının tərkibinə dörd ədəd hər birinin 295 at qüvvəsi olan elektromotorlar və litium-ion batareyalar dəsti daxil edilmişdir.
Güc aqreqatının ümumi gücü 2080 at qüvvəsi və 2280 Nm fırlanma anıdır. Hər bir elektromotor iki diapazonlu transmissiya ilə birlikdə çalışacaqdır. Daxili yanacaq mühərriki isə altı pilləli mexaniki və ya sükanaltı dəstəklər vasitəsi ilə sürətləri dəyişməyə imkan verən sekvental sürətlər qutusu ilə təchiz ediləcəkdir.
Arash AF110 Hybrid superkarı saatda 100 kilometr sürətini üç saniyədən az müddətə toplayacaqdır. 200 və 300 km/saat həddi üçün isə, müvafiq olaraq səkkiz və iyirmi yeddi saniyə gərək olacaqdır. Superkarın maksimal sürəti 325 km/saat təşkil edəcəkdir. Trek və adi yollar üçün nəzərdə tutulmuş superkarın qiyməyi, müvafiq olaraq 1,2 və 1,1 milyon funt-sterlinq (2,7 və 2,5 milyon manat) təşkil edəcəkdir.
Bundan başqa, superkarın 500 at qüvvəsi gücü olan V8 mühərriki ilə təchiz edilmiş sadə variantı da təklif ediləcəkdir.