Jaguar Land Rover şirkətinin məhsullarının adlı-sanlı tünerlərindən biri olan Arden firması Range Rover yolsuzluq avtomobili üçün xüsusi Spirit Special Edition işləmələr dəsti təklif etmişdir. Yeni dəst alman atelyesinin Range Rover modeli üçün təklif etdiyi AR 9 Spirit işləmələr dəstinin təkmilləşdirilmiş variantıdır. Yeni dəstin əsas elementi avtomobilin kuzovunun boyanmış olduğu «Arden Tobago Red» adlı xüsusi çalarıdır ki, ən azı yeddi qatla vurulan bu rəng, üzərinə işıq ddüşən zaman, nadir parlaqlığı sayəsində avtomobilə xüsusi görünüş bəxş edir.
Atelye mütəxəssisləri rəngin uzun müddət öz parlaqlığını qoruyub saxlaması üçün, avtomobili kuzovunun rənglənmiş hissələrini xüsusi nano-plastik təbəqə ilə örtmüşdürlər.
Bundan əlavə, Arden atelyesinin mütəxəssisləri Range Rover Spirit Special Edition üçün, kapot, qapı dəstəkləri, yan güzgülərin korpusları və qanad genişləndiriciləri də daxil olmaqla karbondan hazırlanmış bir sıra kuzov elementlərini də təklif edirlər.
Bütün bunları, qara rəngə boyanmış və qırmızı haşiyəyə malik olan 22-düymlük Arden sportline təkər diskləri olmadan təsəvvür etmək mümkün deyil. Bu disklərin arasından müşahidə edilən saxsı-karbon əyləc mexanizmləri, öz gözəgəlimliyinə görə heç də disklərdən geri qalmır.
Əlbəttə ki, bu əyləc mexanizmləri yalnız gözəllik xatirinə quraşdırılmayıb.
Arden mütəxəssisləri tərəfindən mühərrikinin gücü 600 at qüvvəsinə və 800 Nm fırlanma anına qədər artırılmış bu iri yolsuzluq avtomobilinin sürəti anında kəsən güclü əyləc mexanizmlərinə ehtiyacı vardır.
Avtomobilin iç məkanı da zahiri görkəminə uyğun şəkildə tərtib edilmişdir. Salonda siz, oturacaqların sırınmış dəri örtüklərinə, qızmısı rəngli karbon işləmələrə, dəridən hazırlanmış xalılara və alüminium pedallara rast gələcəksiniz.