İtaliyada fəaliyyət göstərən Ares Design kuzov atelyesi özünün növbəti layihəsini təqdim edib. İtalyanlar 1950-ci illərin klassik Maserati modellərinin ruhunda rodster hazırlamaq qərarına gəliblər.
Ares Design nümayəndələri Project Wami adlandırılan layihəni “nə vaxtsa yaradılmış ən cəlbedici rodster” adlandırıb. Hələlik avtomobil reallıqda mövcud deyildir – təsvir edilənlər yalnız dizayner renderidir. Müəlliflər 1950-ci ilin Maserati sportkarlarından ilham aldıqlarını bildiriblər. Həqiqətən də, rodsterdə Maserati 2000 Spyder modelində olduğu kimi xrom bolluğu və milli təkər diskləri nəzərə çarpır.
Avtomobil qəşəng olduğu qədər yüngül də olmalıdır. Onun konstruksiyasında alüminium və karbonplastikdən geniş istifadə olunacaqdır. Salonun tərtibatında isə metal, dəri və alüminiumdan istifadə ediləcəkdir. Bununla belə layihənin nə zaman reallaşdırılacağı barədə məlumat verilməyib.
Bir müddət bundan əvvəl Ares Design Ferrari GTC4Lusso modelinin bazasında yaratdığı Project Pony layihəsini nümayiş etdirmişdir.