İtaliyanın Ares Design tüninq atelyesi "büllur" avtomobili hazırlamaq haqqında planlarını açıqlayıb. Tüner qeyri-adi bir layihəni fransız büllur istehsalçısı olan Lalique şirkəti ilə birlikdə həyata keçirəcəklər.

Qeyri-adi layihənin məqsədi müasir texnologiyaların köməyi ilə keçmişin əfsanəvi avtomobillərindən birini yenidən canlandırmaqdır. Lakin, atelye nümayəndələri hansı avtomobilin inşa ediləcəyi barədə təfərrüatları açıqlamayıblar. Yayılan tizerdə retroüslubda dizayna malik olan rodsterin silueti təsvir edilib.

Eyni zamanda, tizerdəki idman avtomobilinin uzun kapota və yumşaq qatlanan dama malik olduğu görünür. Bundan əlavə, canlandırılmış retro-rodster, xromla örtülmüş yan güzgülər və qapı tutacaqları ilə təchiz ediləcəkdir.

Rodsterin dizaynının yaradılması və buraxılması üzərində Ares Design atelyesinin mütəxəssisləri işləyəcəkdirlər. Fransanın Lalique şirkəti isə, öz növbəsində, model üçün əl işi olan unikal zərgərlik elementlərini hazırlayacaqdır. Mütəxəssislər qeyri-adi layihənin yaradılmasını 2020-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırırlar.