Bir il yarım bundan əvvəl 992 nəslindən olan Porsche 911 sportkarının çeşidində atmosfer mühərrikli 911 GT3 versiyası peyda olub. İndi isə, bu sportkarın modifikasiyalarının buraxılması üçün müəyyən edilmiş cədvələ uyğun olaraq, daha ekstremal Porsche 911 GT3 RS versiyasının vaxtı gəlib çatıb. RS indeksi almanca “Rennsportwagen” (“yarış avtomobili”) sözündən götürülüb və yeni GT3 RS kupesi həqiqətən də trek üçün tənzimlənib. Bununla belə, ondan ictimai yollarda da istifadə etmək olar.
Kupenin təchiz edildiyi quru karterli 4,0-litrlik altısilindrli oppozit mühərriki daha güclü olub. Mühəndislər dirsəklərinin dəyişdirilmiş profili olan dirsəkli val və digər incə tənzimləmələr sayəsində mühərrikdən 525 at qüvvəsi almağa müvəffəq olublar.
Xatırladaq ki, adi 911 GT3 modeli 510 at qüvvəsinə malikdir. Lakin fırlanma anı 5 Nm azalaraq 465 Nm bərabər olub. İki muftalı yeddi pilləli PDK “robotu” üçün qısaldılmış ötürmə nisbətləri seçilib. Bununla belə, Porsche 911 GT3 RS versiyasının üçün mexaniki transmissiya nəzərdə tutulmayıb.
Ancaq onun GT3 versiyasından əsas fərqləri heç də bunlar deyil. Əsas təkmilləşdirmələr şassi, soyutma sistemi və aerodinamikada baş verib. Yeni 911 GT3 RS kupesi Porsche 911 GT3 R yarış modelindəki kimi, böyük radiatoru olan (əvvəlki üç radiatorun əvəzinə) soyutma sistemini alıb.
Radiator adətən baqaj kimi istifadə edilən ön bölmədə yerləşir, istiliyi çıxarılması üçün isə, baqaj qapağında iki böyük hava kanalı nəzərdə tutulub. Yan tərəflərdəki boşalmış yerlərdə isə, hava axınını təkər tağlarına yönləndirən əlavə kanallar quraşdırılıb. Bu axın tağlardan ön qanadların yuxarı hissəsində yerləşən “qəlsəmələr” vasitəsilə çıxarılır.
Kupe bir çox əlavə aerodinamik elementlərə də sahib olub: məsələn, hətta damda kiçik şaquli stabilizatorlar da quraşdırılıb. Arxa antiqanadın ölçüləri nəzərəçarpacaq dərəcədə böyüyüb və indi o, iki işlək səthə malikdir.
Aşağıdakı səth sabitdir, yuxarıdakı isə, hücum bucağını dəyişdirmək üçün hidravlik ötürməyə malikdir. Üstəlik, “şaquli” vəziyyətdə, bu bıçağın kənarı avtomobilin damından yuxarı qalxır!
İlk dəfə Porsche seriya avtomobilində DRS (Drag Reduction System) sistemi quraşdırılıb: sürücü sükandakı düyməni basmaqla hərəkət edən aerodinamik elementləri minimum hava müqaviməti rejiminə keçirə bilər. Məsələn, düzlükdə daha effektiv sürətlənmək üçün.
Əyləcləmə zamanı isə, elektronika kuzov dəstini ən böyük müqavimət rejiminə keçirir. 200 km/saat sürətində hasil edilən yerəbasma qüvvəsi 409 kiloqrama bərabərdir ki, bu da GT3 versiyasında olduğundan üç dəfə çoxdur. 285 km/saat sürətində bu rəqəm 860 kiloqrama çatır. Bütün bunlar avtomobili trekdə daha effektiv və itaətkar etməlidir.
GT3 RS versiyasınin şassi baxımından ən mühüm fərqi, salondan tənzimlənən amortizasiya sərtliyindədir: sürücü sıxılma və geri oturtma parametrlərini dəyişə bilər. Sportkarın ön təkər izi 29 millimetr genişləndirlib, asqı qollarının və stabilizatorların həndəsəsinə və sərtliyinə yenidən baxılıb.
Sportkar standart olaraq öndə 408, arxada 380 millimetrlik polad diskləri olan əyləc mexanizmləri ilə təchiz edilir, lakin ön oxdakı işlək porşenlərin diametri (hər təkərdə altı ədəd) və qalınlığı artırılıb. Ön tərəfdə 410 millimetrlik, arxada isə 390 millimetrlik diskləri olan karbon-keramik əyləcləri isə, opsiyadır.
Baqaj bölməsinin qapağı, qapılar, ön qanadlar, dam paneli və oturacaqlar karbon lifindən hazırlanıb, lakin hətta bu dəstlə Porsche 911 GT3 RS kupesi “robot” ilə təchzi edilmiş orijinal GT3 versiyasından 15 kiloqram ağırdır: təchiz edilmiş vəziyyətdə 1450 kiloqram.
Sportkarın 100 km/saat həddinə sürətlənmə müddəti 3,4-dən 3,2 saniyəyə, 200 km/saata isə 10,8-dən 10,6 saniyəyə endirilib. Lakin dəyişdirilmiş aerodinamika maksimal sürəti 318-dən 296 km/saata qədər azaldıb.
Əgər orijinal Porsche 911 GT3 kupesinin qiyməti hazırda 179 min avrodan başlayırsa, GT3 RS versiyası üçün ən azı 230 min avro tələb olunur. Clubsport paketini pulsuz sifariş etmək olar - paketin tərkibinə salondakı polad təhlükəsizlik qövsü, mexaniki yanğınsöndürən və sürücünün altınöqtəli təhlükəsizlik kəməri daxildir. Lakin genişlənmiş karbon lifindən hissələr dəsti olan Weissach paketi üçün əlavə ödəniş etmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.