Son bir ildə aviasiya bu sahə ilə maraqlanan-maraqlanmayan hər kəsi özünə cəlb edə bilib. Buna səbəb isə yeni Boeing 737 MAX təyyarələrinin son bir ildə eyni səbəblə 2 ölümcül qəzalara uğramasıdır. Bu hadisələrdən sonra MAX-ların uçuşuna qadağa qoyulub ki, bu da Boeing üçün hər gün külli miqdarda pul itkisi deməkdir. Amerikan şirkəti bir tərəfdən istehsal etdiyi təyyarələri saxlamaq üçün yer tapmır, digər tərəfdən isə bir çox hava yolları şirkəti sifarişlərindən imtina edir. Hələ bunlara park xərclərini, şirkətlərə ödənməli olan kompensasiyanı da nəzərə alsaq, vəziyyət heç də xoş deyil.
Digər tərəfdən isə əsas rəqib Airbus şirkəti tarixindəki ən şanlı dövrlərini yaşayır. Artıq sıfarişləri çatdırmaq üçün yeni zavodlar açan fransızlar daxil olan sifarişləri yalnız 2025-ci ildə yerinə yetirəcəyini bildirib. A320neo ailəsinə mənsub təyyarələrin minincisini bir neçə gün əvvəl təhvil vermiş şirkətin vəziyyəti gül kimidir.
Boeing-də isə artıq yeni sifarişlərin qəbul edilməsini demək olar ki, unudublar. Böyük ümidlər bəslənən 777x modelinin öncə mühərriklərində, sonra isə karqo qapısında problem yaşanmasından özünü itirən şirkətin yeganə təsəllisi 787-lərin bir çox şirkət tərəfindən istənilməsidir. Bəli, bugünki yazımızın qəhrəmanı Boeing 787 layneri əfsanəvi şirkəti hazırda ayaqda saxlayan yeganə dayaqdır.
Boeing 2000-ci illərin əvvəllərində 767 modelini əvəzləyəcək daha böyük, daha uzun məsafəyə uça bilən və daha az sərfiyyata malik olan təyyarə üzərində işləyirdi. İlk dəfə olaraq gövdəsində kompozit materiallardan istifadə edilən və aviasiyada inqilab adlandırıla biləcək bu təyyarəyə 7E7 şərti adı verilir. Kompozit materiallara görə xeyli yüngülləşən, yeni mühərriklər sayəsində yanacaq sərfiyyatı xeyli azalan və 2007-ci ilin 8 iyulunda debüt edən yeni təyyarə 787 Dreamliner adlandırılır. Lakin texniki problemlər səbəbindən ilk uçuş üçün iki il yarım - 2009-cu ilin dekabrına qədər gözləmək lazım gəlir. İlk təslimat isə 2011-ci ilin oktyabrında Yaponiyanın All Nippon Airways şirkətinə olur.
Lakin problemlər yenə əl çəkmir. Litium-ion batareyalarındakı problemlərə görə bütün 787-lərin uçuşuna 2013-cü ilin yanvar ayında qadağa qoyulur. Bu qadağa yalnız həmin ilin aprelində, problemlər Boeing tərəfindən tam həll edildikdən sonra götürülür.
787 ilk illərində bu qədər çətinliklərlə və problemlərlə qarşılaşmasına baxmayaraq, 2013-cü ildən sonra uzun müddət heç bir hadisə olmadan milyonlarla sərnişin daşıyır. Yeganə insident isə bu ilin avqustuna təsadüf edib - Romadan qalxan təyyarənin Rolls Royce mühərriklərindən birində ciddi nasazlıq yaranıb: mühərrikin parçaları bir neçə tikiliyə zərər vurub və bir nəfər yaralanıb. Bu, Dreamliner-ın hələ ki, yeganə "qəbahətli işidir".
787-nin 3 modeli var: 787-8, 787-9 və 787-10. Azərbaycan Hava Yollarının təyyarə parkında 2 ədəd 787-8 var. Bu təyyarə maksimum 359 sərnişin tutumuna malikdir. Daha çox sifariş qəbul edilən və ən uzun məsafəyə uça bilən (14140 km) 787-9 modelinə 406, ən nəhəngi olan 787-10 modelinə isə 440 nəfər yerləşdirmək mümkündür.
Sentyabr ayının 30-a olan məlumatlara görə, indiyə qədər 787-nin bütün modellərinə ümumilikdə 1450 sifariş gəlib, bu sifarişlərdən 894-ü artıq sahiblərinə çatdırılıb. Lakin şirkətinin çətin günləri və bir qədər aşağı düşən nüfuzu bu uğurlu modelin sifariş sayına da təsirini göstərib - 2018-ci ildə 109 ədəd sifariş daxil olmuşdusa da, cari ildə bu rəqəm hələlik 47-dir.
787-nin ən əsas üstünlüklərindən biri də, uçuş zamanı içərisindəki hava miqdarının digər təyyarələrlə müqayisədə çox olmasıdır. Digər təyyarələrin göyərtəsinə uçuş zamanı 8000 ft (2400 m) yüksəklikdəki qədər hava vurulursa, Dreamliner-da bu göstərici 6000 ft (1800) olaraq tənzimlənib. Bu da sərnişinlərin daha komfortlu səyahət etməsinə imkan verir.
"Arzuların təyyarəsi" hazırda başı dərddə olan istehsalçısının yeganə qürur mənbəyidir və Boeing-i layiqincə təmsil edir desək, yanılmarıq. Bir çox sərnişinin rəğbət bəslədiyi bu gənc model milyonlarla insanı mənzil başına rahat və təhlükəsiz bir şəraitdə çatdırıb, vəhazırda da bu işi davam etdirir. Bəs siz necə, özündən sonrakı modellərin hazırlanmasında böyük təsir gücünə malik Dreamliner ilə arzuladığınız yerlərə artıq uçmağa nail olmusuz?
İndi isə sizi modellərin texniki göstəriciləri ilə tanış edirik:
Boeing 787-8
Uzunluğu: 56.72 m
Qanadın sahəsi: 377 kv.m
Qanadların ucları arasındakı məsafə: 60.12 m
Hündürlüyü: 16.92 m
Maksimum qalxış ağırılığı: 227930 kq
Çəkisi: 119950 kq
Yanacaq çənlərinin həcmi: 126206 l
Maksimal sürəti: 956 km/s
Maksimal qalxma sürəti: 903 km/s
Bir dəfəyə uça biləcəyi maksimal məsafə: 13620 km
Maksimal yüksəklik: 13100 m
Mühərriklər: General Electric GEnx-1B və ya Rolls-Royce Trent 1000
Boeing 787-9
Uzunluğu: 62.81 m
Qanadın sahəsi: 377 kv.m
Qanadların ucları arasındakı məsafə: 60.12 m
Hündürlüyü: 17.02 m
Maksimum qalxış ağırılığı: 254011 kq
Çəkisi: 128850 kq
Yanacaq çənlərinin həcmi: 126372 l
Maksimal sürəti: 956 km/s
Maksimal qalxma sürəti: 903 km/s
Bir dəfəyə uça biləcəyi maksimal məsafə: 14140 km
Maksimal yüksəklik: 13100 m
Mühərriklər: General Electric GEnx-1B və ya Rolls-Royce Trent 1000
Boeing 787-10
Uzunluğu: 68.28 m
Qanadın sahəsi: 377 kv.m
Qanadların ucları arasındakı məsafə: 60.12 m
Hündürlüyü: 17.02 m
Maksimum qalxış ağırılığı: 254011 kq
Çəkisi: 135500 kq
Yanacaq çənlərinin həcmi: 126372 l
Maksimal sürəti: 956 km/s
Maksimal qalxma sürəti: 903 km/s
Bir dəfəyə uça biləcəyi maksimal məsafə: 11910 km
Maksimal yüksəklik: 13100 m
Mühərriklər: General Electric GEnx-1B və ya Rolls-Royce Trent 1000