Aspark şirkəti Dubayda keçirilən avtosalonda Owl (“Bayquş”) elektrik hiperkarının seriya variantını təqdim edib. Hiperkar 2000 at qüvvəsinə malikdir və 60 mil/saat həddini 1,69 saniyəyə toplayır.
Aspark Owl modelinin seriya variantı quraşdırılmış kameraları olan ənənəvi yan güzgülərə, mərkəzi hissəsi açılan yan şüşələnməyə, 150 km/saat həddində qalxan aktiv arxa antiqanada və kifayət qədər düşünlmüş salona sahib olub. Hiperkarın hücrə şəkilli deformasiya zonalarına malik olan şassisi karbonplastik və paslanmayan poladdan hazırlanıb. Şassi 120 kq çəkiyə malikdir. Karbon lifi ilə gücləndirilmiş polimerdən hazırlanan kuzov panelləri bu çəkini 60 kq artırır. Hündürlüyü 990 mm olan hiperkarın ümumi çəkisi 1900 kq təşkil edir.
Hiperkar ümumi hasilatı 2012 at qüvvəsi və 2000 Nm fırlanma anı olan elektrik güc qurğusu ilə hərəkətə gəlir. Bu göstərici yapon elektrokarını dünyanın ən güclü seriya avtomobili edir. O, 1900 at qüvvəsi və 2300 Nm fırlanma anına malik olan Pininfarina Battista və Rimac C_Two hiperkarlarını, və hətta bu günə qədər liderlik edən Lotus Evija (2000 at qüvvəsi və 1700 Nm) modelini üstələyir.
Aspark Owl hiperkarının güc qurğusu dörd sinxron elektromotordan və 800 voltluq 64 kVs-lıq güc dartma batareyasından ibarətdir. Şassinin güc strukturunun bir hissəsi olan batareya 1300 kVt enerji hasil edir. Batareyanın 44 kVt-lıq terminaldan doldurulmasına 80 dəqiqə tələb olunur. Hər bir özəyin parametrlərini təhlil edən firma sistemi batareyanın qızmasının və öz-özünə boşalmasının qarşısını alır.
Yerindən 60 mil/saat həddinə (97 km/saat) sürətlənmək üçün hiperkara 1,69 saniyə gərəkdir. Doğrudur, bunun üçün hiperkar əvvəlcə 30,5 sm məsafə qət etməlidir. 300 km/saat həddinin toplanmasına isə 10,6 saniyə tələb olunur. Son halda, Lotus Evija daha yeyindir – britaniya hiperkarı bu işə 9,0 saniyə sərf edir. “Bayquşun” maksimal sürəti 400 km/saatdır. Hiperkarın yürüş ehtiyatı 450 km təşkil edir.
Hiperkarın dayanmasına öndə 10, arxada isə 4 porşenli supportlara malik olan karbon-saxsı əyləc mexanizmləri cavabdehdir. Asqı sistemi hidravlikdir: klirensin 80-160 mm diapazonunda tənizmlənməsi avtomatik şəkildə və ya əllə həyata keçirilir. “Bayquş” dörd hərəkət rejiminə malikdir: şəhər, yağış/qar, idman və “maksimal sürətlənmə”. Avtomobilin avadanlıq siyahısına çoxsaylı yardımçı sistemlər, klimat-kontrol, mediasistem, dörd displey və açarsız giriş daxil edilib.
Aspark Owl modelinin istehsalı Turindəki Manifattura Automobili Torino zavodunda təşkil olunacaqdır. 2,9 milyon avroya satılacaq hiperkar 50 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. İlk avtomobillər müştərilərə 2020-ci ilin ikinci rübündə çatdırılacaqdır. Hiperkara sifarişlərin qəbuluna başlanıb.