Aston Martin şirkəti 2022-ci model ilinin avtomobillərini təqdim edib. Əsas yeniliklər arasında əlavə tərtibat variantları - Create, Accelerate və Inspire tematik variantları da mövcuddur. Create versiyası özünü dizayner kimi hiss edən şəxslərə ünvanlanıb. Accelerate versiyası adından göründüyü kimi dinamizmi təcəssüm edir. Inspire isə dəbdəbənin təzahürüdür. Bundan başqa, modellər üçün yeni dizayna malik olan təkər disklərinin genişləndirilmiş çeşidi də təklif olunur.
Bununla yanaşı, Britaniya markası 2016-cı ildən bəri istehsal olunan Aston Martin DB11 modeli üçün daha geniş təkmilləşdirmələr paketi hazırlanıb. Əsas 4,0-litrlik V8 biturbo mühərriki daha güclü olub: indi güc aqreqatı 510 at qüvvəsinin əvəzinə 535 at qüvvəsi hasil edir.
Maksimal fırlanma anı isə əvvəlki kimi qalıb - 675 Nm. Güc artımı maksimal sürət həddini 300-dən 309 km/saata qədər yüksəltməyə imkan versə də, 100 km/saat həddinə sürətlənmə müddəti dəyişməyib: kupe bu tapşırığı 4,0 saniyəyə, kabriolet isə 4,1 saniyəyə yerinə yetirir. Opsiyalar arasında artırılmış yan dəstəyi olan Sports Plus ön oturacaqları da var.
On iki silindrli mühərrikə malik olan Aston Martin DB11 AMR modifikasiyası da nəzəri cəhətdən daha güclü olmalı idi, çünki baza versiyası ilə olan güc fərqi azalıb. Ancaq onun yalnız adı dəyişdirilib və indi modeli sadəcə DB11 V12 adlanır. Aston Martin DB11 V12 modeli yalnız kupe kuzovu, habelə 639 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 5,2-litrlik biturbo mühərriki ilə təklif olunur.
Ən güclü önmühərrikli Aston Martin DBS Superleggera modelinin də sadələşdirilmiş adı var: “sadəcə” Aston Martin DBS. Modelin 5,2-litrlik V12 mühərriki 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. DBS modeli əvvəlki kimi kupe və kabriolet (Volante) kuzovları ilə təklif olunur.
Bundan başqa, istehsalçı DBS və Vantage modelləri üçün yeni 21-düymlük diskləri təklif edir. DBX krossoveri də yeniliklərdən nəsibini alıb: bunlar 23-düymlük təkər diskləri, Sports Plus oturacaqları və smartfonların simsiz doldurulması sistemidir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.