Aston Martin şirkəti 680 at qüvvəli mühərrikə malik olan yeni nəsil DB12 idman avtomobilini nümayiş etdirib. Britaniya brendi tərəfindən ən mükəmməl DB modeli kimi səciyyələndirilən yenilik, Aston Martin üçün “məhsuldarlığın, ultra dəbdəbənin və üslubun etalonunu təyin edən” yeni dövrü açır.
Kupenin arsenalda, qeyri-rəsmi məlumatlara görə, həm V8, həm də V12 aqreqatları olmalıdır, lakin Aston Martin sonuncu haqqında susmağa üstünlük verib. Bununla belə, Mercedes-AMG bölməsinin məhsulu olan 4,0-litrlik səkkizsilindrli biturbomühərrikin göstəriciləri açıqlanıb: güc aqreqatı optimallaşdırılıb və DB11 modelindəki V12 mühərrikindən daha məhsuldardır.
"Superturerin" (Aston Martin DB12 modelini belə adlandırır) səkkizsilindrli aqreqatı 6000 dövr/dəqiqədə 680 at qüvvəsi, 2750-6000 dövr/dəqiqə arasında isə 800 Nm fırlanma anı hasil edir. Bu, eyni mühərrikə malik olan DB11 kupesində olduğundan 170, 5,2 litrlik V12 biturbo mühərriki olan AMR versiyasından isə 42 at qüvvəsi çoxdur.
Aston Martin DB12 60 mil/saat (96 km/saat) həddinə 3,5 saniyəyə (DB11 AMR ilə müqayisədə -0,2 saniyə) sürətlənir və 325 km/saatlıq maksimal sürətə malikdir. 4,0-litrlik V8 biturbo mühərriki səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.
Güc artımına yumruqcuqların dəyişdirilmiş profili olan paylayıcı vallar, optimallaşdırılmış sıxılma nisbəti və yeni turbokompressorlar sayəsində nail olunub. Soyutma sistemi təkmilləşdirilib: mühərrikin qəbul sistemində iki əlavə soyuducu və aşağı temperaturlu radiator var.
DB modeli ilk dəfə elektron arxa diferensial (E-Diff) alıb. Adi yüksək sürtünməli differensialından fərqli olaraq, o, ani reaksiyanı təmin edərək, millisaniyələr ərzində açıqdan tam kilidli vəziyyətə keçə bilər. Bundan əlavə, differensialın stabilizasiya sistemi ilə əlaqəsi sayəsində idman avtomobili döngələrdə daha çevik olur.
Asqı sistemi də artmış gücə uyğunlaşdırılıb. DB12 yeni nəsil ağıllı adaptiv amortizatorlar və daha sərt köndələn dayanıqlılıq stabilizatorlarını əldə edib. GT, Sport və Sport+ hərəkət rejimləri rahat, lakin dinamik idarəetməni təmin edərək, həssaslıq və nəzarəti tədricən artırır. Sürüşkən səthlər üçün "yaş" , fərdiləşdirmə üçün isə “boş” rejim də var.
Zahiri cəhətdən, DB12 modeli nəhəng radiator barmaqlığı, yeni LED optika və daha kiçik ölçülü yan güzgüləri ilə Aston Martin firma üslubunu qoruyub saxlayır və növbəti təkamül mərhələsini təqdim edir. Standart olaraq idman avtomobili Michelin Pilot Sport 5 S şinləri taxılmış 21 düymlük təkər diskləri ilə təchiz edilir. Bu təkərlər DB11 modelindəkindən 8 kiloqram yüngüldürlər.
İnteryer əl işi olan naxışla bəzədilmiş Bridge of Weir dərisi və alkantara ilə üzlənir. Salondakı ən vacib yenilik - Aston Martin tərəfindən hazırlanmış yeni məlumat-əyləncə sistemidir. O, yeyin reaksiyalı iki 10,25 düymlük sensorlu ekrana malikdir, habelə Apple CarPlay və Android Auto vasitəsi ilə smartfonlarla simsiz rabitəni dəstəkləyir, 3D xəritələri olan naviqatora malikdir və “hava” üzərindən yenilənir. Bununla belə, tarazlığı qurmaq üçün fiziki düymələrdən imtina edilməyib.
Aston Martin DB12 superkarının tədarüklərinə bu ilin üçüncü rübündə başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.