2025-ci model ilindən başlayaraq, Aston Martin şirkətinin model xəttində yalnız bir krossover qalacaq - 2022-ci ilin əvvəlində debüt etmiş DBX707 modeli. Bu modelin Mercedes-AMG bölməsinin məhsulu olan, hasilatı 550 at qüvvəsi və 770 Nm-dən 707 at qüvvəsi və 900 Nm-ə qədər yüksəldilmiş 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gələn ən güclü versiyasıdır. Aston Martin şirkəti bu gün yenilənmiş DBX707 krossoverini təqdim edərək, təfərrüatları açıqlayıb.
Əsas dəyişikliklər salonda baş verib: interyerin tərtibatı indi DB12 və Vantage modellərini xatırladır. Bundan sonra DBX707 virtual cihazlar panelinin (onun diaqonalı 12,3 düymdür) və multimedia sisteminin (10,25 düym) ayrıca ekranları ilə təchiz ediləcək.
Multimedia sisteminin özü də yenilənib - bu onun Apple CarPlay və Android Auto tətbiqlərinin simsiz dəstəyi olan ən yeni versiyasıdır. Seçmək üçün üç təchizat səviyyəsi təklif olunur - Inspire Sport, Inspire Comfort və sifarişlə hazırlanan Q versiyası.
Krossoverin standart avadanlıq siyahısına 14 dinamiki olan səs sistemi daxil edilib, 23 dinamikli Bowers & Wilkins səs sistemi isə, opsiyadır.
Aston Martin DBX707 zahiri cəhətdən də bir qədər dəyişib: irəli çıxa bilən qapı tutacaqları peyda olub, xarici güzgülərin dizaynı dəyişdirilib. Bundan əlavə, palitraya beş yeni çalar əlavə edilib: qara Epsilon Black, narıncı Helios Yellow, həmçinin yaşıl Sprint Green, Malachite Green və Aura Green.
707 at qüvvəli 4,0-litrlik mühərrik 9-pilləli avtomatik transmissiya, fırlanma anının 100 faizə qədərini arxa oxa ötürmək qabiliyyətinə malik tam ötürmə sistemi ilə birlikdə çalışır.
Krossover öndə 420 millimetrlik, arxada isə, 390 millimetrlik karbon-keramik əyləc disklərinə malikdir. Təkər disklərinin ölçüsü 20 düymdür və əlavə ödəniş müqabilində 23-düymlük diskləri quraşdırmaq mümkündür.
Aston Martin DBX707 sıfırdan 100 km/saata 3,1 saniyəyə sürətlənir. Onun maksimal sürəti 300 km/saatdır.
Yenilənmiş Aston Martin DBX707 modelinin istehsalına 2024-cü ilin ikinci rübündə, tədarüklərinə isə, üçüncü rübündə başlamaq planlaşdırılır. Krossoverin qiyməti hələlik açıqlanmayıb. İlkin hesablamalara görə, DBX 707 modelinin qiyməti 240 min avrodan başlayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.