Aston Martin şirkəti rəsmi olaraq DBX krossoverini təqdim edib. Markanın 106 illik tarixində ilk krossover olan DBX modelini istehsalçı geniş imkanları olan Gran Turismo kimi səciyyələndirib.
Aston Martin markasının ilk krossoverinin qabarit uzunluğu 5039 mm, eni – 1998 mm, hündürüyü – 1680 mm, təkər bazasının ölçüsü isə 3060 mm təşkil edir. Müqayisə üçün, 550 at qüvvəli Porsche Cayenne Turbo modeli 113 mm qısa, 15 mm ensiz və 7 mm alçaqdır. Təkər bazasının ölçüsünə görə alman modeli DBX krossoverinə 165 mm uduzur.
Aston Martin DBX krossoveri, markanın digər modellərinin arxitekturasına bənzər arxitekturaya malik olan yeni alüminium şassidə inşa edilib. Yüngül və sərt gövdə mühərrikin və asma elementlərinin qoşulma nöqtələrində möhkəmləndirilib və preslənmiş möhkəm profillərdən hazırlanmış elementlərə malikdiir. Yeni arxitektura izolyasiya materiallarının tətbiqini azaldır və çəkiyə 30 kiloqram qənaət etməyə imkan verir. Üstəlik, akustik və vibrasiya rahatlığının yüksəldilməsi üsulları DBS Superleggera modelində tətbiq olunanlarla eynidır.
Ancaq bəzi özəlliklər də mövcuddur: məsələn, Aston Martin’də ilk dəfə olaraq sərnişin və mühərrik bölməsi arasında ikiqat çəpər quraşdırılıbdır. Bundan başqa, transmissiya tunelinin konstruksiyası səs-küyün salona daxil olmasının qarşısını almağa yardım edir. Daha bir fərq - iki hissəli kardan valının əvəzinə bütov karbondan hazırlanmış kardandan istifadə olunur.
Aston Martin DBX modelinin ön asqısı ikiqat köndələn qollardan ibarətdir, arxa asqı isə çoxqolludur.Krossover üçkameralı pnevmobalonlara və 48-voltluq şəbəkədən çalışan elektromexaniki stabilizatorlara (eARC) da malikdir.Ən aqressiv hərəkət rejimində onlar kuzovun yana əyilmələrini DB11 modelinin səviyyəsinə qədər azaldır, yosuzluqda isə asqının gedişinin artırılması üçün ayrılırlar. “Qısa” sükan mexanizminin eARC ilə tandemi krossoveri sportkara çevirir.
Krossoverin tam ötürmə sistemi elektronika ilə idarələnən paylayıcı qutudan və arxa differensialdan ibarətdir. Adi halda fırlanma anı oxlar arasında 47:53 nisbətində bölünür, lakin gərək olduqda fırlanma anı tamamilə arxa oxa ötürülə bilər. Transmissiya dartma vektoruna nəzarəti həyata keçirir, həmçinin aktiv redukor və əyləclərin köməyi ilə krossoverin döngələrdəki sabitliyini təmin edir. DBX öndə 6-porşenli supportlar və 410 mm əyləc diskləri, arxada isə “üzən” supportlar və 390 mm əyləc diskləri ilə təchiz edilir.
Aston Martin DBX modelinin klirensi 190 mm təşkil edir. Yolsuzluqda bu göstəricini 235 mm qədər artırmaq olar. Asqının ən yüksək vəziyyətində giriş, çıxış və rapma bucaqları müvafiq olaraq 25.7,28.1 və 18.8 dərəcə təşkil edir. Krossover yarım metr dərinliyi olan çay keçidini qət edə bilər. Bundan başqa, krossover yolsuzluqda hərəkət üçün nəzərdə tutulmuş Terrain və Terrain+ rejimlərinə də malikdir. DBX modeli enişdə yardım funksiyası, Bosch stabilizasiya sistemi və aşmanın qarşısını alan funksiya ilə təchiz edilən ilk Aston Martin modelidir.
Krossoverin kapotunun altında Mercedes-AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbo mühərriki yerləşir. Güc aqreqatı 550 at qüvvəsinə və 700 Nm fırlanma anına malikdir. Bu, Vantage və DB11 modellərində olduğundan 40 at qüvvəsi və 25 Nm çoxdur. Mühərriki dəyişdirilmiş sıxılma əmsalı, elektronika ilə idarələnən klapanları olan təkmilləşdirilmiş turbokompressorlar, daha məhsuldar interkulerlər və aktiv çəpərcikləri olan buraxılış sistemi ilə təchiz ediblər.
Güc aqreqatı hidrotransformatı olan 9-pilləli “avtomat” ilə tandemdə çalışır. Yeni qutu nəinki yüksək sürətlərdə çevikliyi ilə fərqlənir, o həmçinin 2,7 tonluq qoşqunun yedəyə alınmasına da davam gətirə bilir. Krossover 100 km/saat həddini 4,5 saniyəyə toplayır və 291 km/saatlıq maksimal sürət həddinə malikdir.
Avtomobil Aston Martin modellərinə xas olan tanınan görkəmə malikdir. Bununla belə, iti və zərif xətlərə malik olan eksteryer özünəməxsusluğa sahibdir. DBX modelinə xas olan cəhətlər hava girişlərinə inteqrasiya edilmiş gündüz hərəkət işıqları, havalandırma kəsikləri olan kapot və arxa hissədəki iki spoylerdir. Yuxarıdakı spoyler əlavə yerəbasma gücünü hasil edir. “Ördək quyruğu” üslubunda olan aşağı spoyler isə avtomobilin arxasındakı hava burulğanını azaldır.
Ön bamperdəki hava girişləri bir neçə məsələni həll edir: aerodinamik müqaviməti və qalxma gücünü azaltmaqla yanaşı, onlar əyləclərin soyudulmasına yardım edirlər. Üstəlik, bu kanallar kuzovun güc strukturunun bir hissəsi hesab edilir.
Aston Martin DBX utilitar model hesab edildiyi üçün, onu rahat və geniş salon ilə təmin etmək tələb olunurdu. Bu səbəbdən də istehsalçı müştərilərin tələblərini öyrənmək üçün qarışıq fokus-qrupları bu işə cəlb edib. Dizayn mərkəzinə dəvət edilmiş qruplar salonun rahatlıq və funksionallığını qiymətləndiriblər. Nəticədə, salonda daxilində kiçik çanta və ya 1,5-litrlik su şüşəsi yerləşən “tağlı” mərkəzi konsol, ön cərgədəki bölünmüş dirsəkaltılar, iri panoram tavan, DB11 modelində götürülmüş oturacaqlar və ön panelə inteqrasiya edilmiş iri displey peyda olub.
İnteryer tərtibatında əsl Caithness dərisindən, fetrə oxşayan materialdan və ilk dəfə olaraq panoram tavanın pərdəsinin hazırlandığı alkantaradan, qoz ağacının şponundan və kətandan hazırlanmış materialdan istifadə ediblər. Təchizat səviyyəsindən asılı olmayaraq hər bir DBX modelinin salonunun yığılmasına 200 saat əl əməyi sərf edilir.
DBX modelinin standart təchizatına bütün oturacaqların qızdırılması, elektriklə 12 istiqamətdə tənzimlənən ön kreslolar,üçzonalı iqlım sistemi, 64 rəngdən seçim imkanı yaradan kontur işıqlandırması, 12,3-düymlük rəqəmsal cihazlar paneli, 10,25-düymlük ekrana malik olan multimedia sistemi və 14 dinamiki olan 800 vatlıq Aston Martin Premium səs sistemi daxil edilib. Əlavə ödənişlə krossoveri sükanın qızıdırlamsı, seçilən tikişləri və 16 istiqamətdə tənzimləməsi olan havalandırmalı oturacaqlar ilə təchiz etmək olar. Sifarişçi salonun rəng sxemini, tikilmiş və ya basılmış loqotipləri olan sırıqlı və dekorativ perforasiyalı dərini seçə bilər.
Bundan başqa, DBX üçün 11 əlavə avadanlıq dəsti də nəzərdə tutulub. Bu dəstlərin köməkliyi ilə krossoveri sahibinin müxtəlif hobbiləri üçün adaptasiya etmək olar.
Aston Martin DBX modelinin müştərilərə çatdırılmasına gələn ilin ikinci rübündə başlanacaqdır. Konveyerdən ilkin olaraq 1913 Package spesifikasiyana malik olan 500 krossover çıxacaqdır. Bu avtomobillərin yığım keyfiyyətinə şəxsən şirkətin rəhbəri Əndi Palmer nəzarət edəcəkdir. Xüsusi seriyadan olan avtomobillər qanadlardakı emblemlər, kandar lövhələri və məhdud saylı tirajı təsdiq edən lövhəciklərlə fərqlənəcəkdirlər. Aston Martin DBX 1913 Package modelinin hər bir alıcısı modelin hazırlanmasında söhbət açan kitaba da sahib olacaqdır. Modelin Almaniyadakı satış qiyməti 193.500 avro təşkil edir.