Aston Martin şirkətinin alman istehsalı olan “bərkgedən” krossoverlər ilə rəqabət aparacaq DBX krossoverini hazırladığını bilirik. Bəs Aston Martin DBX modelini hazırlayan zaman rəqiblərin hansı xüsusiyyətləri əsas götürülüb?
Aston Martin şirkətinin baş mühəndisi Mətt Bekker və yaradıcı direktoru Marek Rayhman Avstraliyanın “Motoring” dərgisinin jurnalistlərinə DBX layihəsi üzərində aparılan işlər barədə danışıblar. Rayhman Aston Martin krossoverinin hazırlanması zamanı, nümunə olaraq götürülmüş avtomobillərinin adlarını da açıqlayıb.
DBX krossoveri Aston Martin markasının tarixində olan ən iri layihədir. Şirkət bu layihəyə bir milyarddan çox sərmayə qoyub, və eyni zamanda, 350 nəfər yüksək ixtisaslı mühəndis və dizayneri cəlb edib. Markanın rəhbərliyi onların qarşısında ən gözəl və dinamik avtomobil yaratmaq tapşırığını qoyub. Bekkerin sözlərinə görə, yaradıcılar komandası DB11 modelinin xarakterini DBX modelinə köçürə biliblər və bu səbəbdən də krossover daha çox praktik sportkara bənzəyir.
Güc və dinamk xüsusiyyətləri müəyyən etmək üçün, mühəndislər 550 at qüvvəsi və 770 Nm fırlanma anına malik olan mühərriklə təchiz edilmiş Porsche Cayenne Turbo krossoverini nümunə olaraq götürüblər. Bununla belə, şirkət nümayəndələri DBX krossoverinin bu sahədə Cayenne Turbo modelini üstələdiyini iddia edirlər. İdeal idarəetməyə nail olmaqda isə, onlara BMW X6 M modeli köməklik edib. Avtomobilləri nəinki Nüburqrinqdə müqayisə ediblər, onları həmçinin alman avtobanlarında 300 km/saata qədər sürətləndiriblər.
Məlum olduğu kimi, Aston Martin krossover üçün tamamilə yeni platforma hazırlayıb ki, sonradan bu platformadan dirçəldilmiş Lagonda modellərinin inşa ediləcəyi bildirilib. İlkin məlumatlara görə, Aston Martin DBX krossoveri DB11 modelindən alınmış benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Hazırda Aston Martin DB11 sportkarı britaniya markasının öz istehsalı olan V12 mühərriki və AMG şirkətindən alınan V8 biturbomühərriki ilə təklif edilir.
2020-ci ildə krossover Daimler AG konserninin elektrik hissəsini hazırladığı hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Tam elektrik güc aqreqatları isə Lagonda modellərinə qismət olacaqdır.