Aston Martin şirkətininin rəhbərliyində yenidən dəyişiklik baş verib. Lourens Stroll İdarə heyətinin sədri olaraq qalır, lakin Mercedes-AMG bölməsindən Aston Martin şirkətinə keçmiş 56 yaşlı Tobias Moers, iki ildən az müddətdə tutduğu baş direktor kreslosunu tərk edir: o, 2020-ci ilin mayında bu vəzifəyə təyin edilib, avqust ayının 1-də isə, vəzifəsinin icrasına başlayıb.
Alman mütəxəssisin şirkətdən ayrılma səbəbləri açıqlanmayıb, eyni zamanda, Tobias Moersin səlahiyyət müddəti dərhal dayandırılıb. Lakin o, işləri xələfinə təhvil vermək üçün iyul ayına qədər şirkətdə qalacaqdır.

Tobias Moers
Britaniya şirkətinin yeni baş direktoru 76 yaşlı italyan Amadeo Felisa olacaqdır. O, karyerasına 1972-ci ildə Alfa Romeo şirkətində başlayıb, 1990-cı ildə Ferrari şirkətinə texniki direktor keçib, 2008-ci ildə isə, şirkətin icarçı direktoru vəzifəsinə təyin edilib.
2016-cı ildə Ferrari şirkətindən ayrılan mütəxəssis, bir müddət məsləhətçi vəzifəsini icra edib. Bir il əvvəl Amadeo Felisa Aston Martin şirkətinin direktorlar şurasına daxil olub.

Roberto Fedeli
Tobias Moers eyni zamanda Aston Martin şirkətinin texniki direktoru vəzifəsini tuturdu, indi isə, bu səlahiyyət 2014-cü ilə qədər Ferrari şirkətində çalışmış və sonradan özünü BMW, Alfa Romeo, Maserati və Çinin Silk-FAW şirkətində sınamış Roberto Fedeliyə keçib.
Ferrari şirkətinin sabiq əməkdaşları Aston Martin markasının bir neçə həftə bundan əvvəl təqdim etdiyi Racing.Green strategiyasını həyata keçirəcəklər. Strategiyaya düzəlişlərin ediləcəyi də istisna olunmur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.