Aston Martin şirkəti yeni nəsil Vantage modelinə həsr edilən videotizeri dərc edib. Videoçarxda layihənin baş mühəndisi Mətt Bekker və Red Bull Racing komandasının pilotu Maks Ferstappen yeni sportkarı trekdə sınaqdan çıxarıblar.
Xarıtladaq ki, yeni kupenin təqdimatı 21 dekabr tarixinə planlaşdırılıb. Bir müddət bundan öncə Aston Martin şirkəti təqdimatına hazırlaşdığı Vantage modelinin yeni nəslinin təsviri olan iki tizeri dərc etmişdi.
Əvvəllər istehsalçı yeni kupenin kamuflyajlı təsvirlərini dərc etmişdi. Yeni modelin dizaynı, iyun ayında nümayiş etdirilmiş patent təsvirləri ilə bənzərlik daşıyır. Kamuflyaj avtomobilin cizgilərini gizlətsə də, yeni modelin nazik formalı ön fənərlərə və Vulcan modelinin üslubunda radiator barmaqlığına malik olacağı indidən görünür. Avtomobilin ön qanadlarındakı aerodinamik hava girişlərinə diqqət yetirsək, yeni kupenin də DB11 kupesi kimi Air Blade sistemi ilə təchiz ediləcəyindən şübhə etməmək olar.
Eyni zamanda, iri təkər disklərinin arxasında gizlənmiş güclü əyləc mexanizmlərini də qeyd etmək lazımdır.
Aston Martin nümayəndəsi yeni kupenin əsasını DB11 modelinin qısaldılmış alüminium platforması təşkil etdiyini söyləyib. Mətt Bekker yeni modelin təkər bazasının DB11 modelinə nisbətən 100 millimetr qısa olduğunu bildirib.
O həmçinin, yeni modelin DB11 modelindən tanış olan iki turbokompressorlu 4.0-litrlıik V8 mühərriki ilə təchiz ediləcəyini də təsdiq edib.
Aston Martin DB11 modelində bu mühərrik 503 at qüvvəsi və 695 Nm fırlanma anı hasil edir. Yeni Vantage yerindən 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənəcək və 301 km/saat maksimal sürətə malik olacaqdır. Bekker həmçinin yeni kupenin 1530 kilqoram çəkiyə malik olduğunu da söyləyib.
Beləleiklə, yeni Aston Martin Vantage V12 mühərriki ilə təchiz edilən DB11 superkarından 200 kiloqram yüngül olacaqdır.