Dünən səhər Aston Martin şirkəti yeni nəsil Vantage superkarını təqdim etdikdən sonra, Aston Martin Racing bölümü də Vantage GTE modelinin üzərindən sirr pərdəsini götürüb.
Seriya modeli ilə birlikdə işlənib-hazırlanan avtomobil, Dünya dözümlülük çempionatında (WEC) yarışmaq üçün xüsusi olaraq yaradılıbdır. Model GTE kateqoriyasında çıxış edəcəkdir. Yarış avtomobilinin test prototipi, ümumi məsafəsi 13000 kilometr olan sınaqlarda iştirak edib. Bu sınaqlara İspaniyadakı Navarra trekində keçirilmiş 30 saatlıq test yürüşü də daxildir.
Aston Martin Racing bölümünün nümayəndələri Aston Matin Vantage GTE modelinin texniki xarakteristikalarını açıqlamaqdan imtina ediblər. Yarış avtomobili tərkibinə ön splitter, havalandırmalı kapot, aerodinamik güzgülər, yarış təkər diskləri, yan tərəflərə çıxan buraxılış sistemi, iri arxa antiqanad və iri ölçülü diffuzor daxil olan yarış dəstinə sahib olub.
AMR nümayəndələri Aston Martin Vantage GTE modelinin Mercedes-AMG şirkətinin məhsulu olan 4,0-litrlik biturbo V8 mühərriki ilə təchiz edildiyini bildirsələr də, onun güc xarakteristikalarını açıqlamayıblar. Onlar yalnız AMR mütəxəssislərinin mühərrikin üzərində ciddi iş apardığını və onu yarış şərtləri üçün uyğunlaşdırdıqlarını bildiriblər.
Vantage GTE modeli Öhlins amortizatorları və Alcon firmasının əyləc sistemi ilə təchiz edilibdir. Model həmçinin Michelin şirkəti tərəfindən xüsusi olaraq onun üçün hazırlanan şinlərə sahib olub. Yarış avtomobilləri peşəkar pilotlar olan Darren Terner, Conni Adam, Niki Thiim, Marko Sorensen və Aleks Linn tərəfindən idarə olunacaqdırlar.