Aston Martin şirkəti lyuks Lagonda bölümünü inkişaf etdirməyi planlaşdırır. Bu barədə Car and Driver nəşrinə müsahibəsində şirkətin rəhbəri Əndi Palmer söyləyib. O, 2023-cü ildə bu subbrend altında iki yeni modelin buraxılacağını da bildirib.
Palmerin sözlərinə görə, bu avtomobillər Bentley və Rolls-Royce avtomobilləri ilə eyni bazar seqmentində çıxış edəcəkdirlər. Bununla belə, o yeni modellərin adı çəkilən brendlərin form-faktorlarını birbaşa təqlid etməyəcəklərini də vurğulayıb. Əndi Palmer detalları açıqlamaqdan imtina etsə də, bu seqmentdə adi üçölçülü sedanın uğur gətirməyəcəyini də bildirib. O, həmçinin Lagonda brendinin model çeşidində krossover üçün yer olmadığını da söyləyib. Dəbdəbəli krossoverlər seqmenti üçün, bir neçə ildən sonra işıq üzü görəcək, Aston Martin DBX modeli nəzərdə tutulub.
Çox güman ki, gələcək lyuks-modellərin son konsepsiyası hələlik tamamlanmayıb. Bununla belə, Palmer Lagonda modellərinin adi Bentley və Rolls-Royce modellərini istifadə etməkdən bezmiş və yenilik arzulayanların nəzərini cəlb edəcəyini iddia edir.
Qeyd etmək lazımdır ki, yeni modellər DBX krossoveri ilə eyni platformanı bölüşəcəkdirlər.
Xatırladaq ki, Lagonda subbrendi altında avtomobillər 1996-cı ilə qədər istehsal edilib. Bu subbrend altında Aston Martin sportkarlarının bazasında yaradılan dəbdəbəli sedan və universallar istehsal olunub. İstehsalçı 2009-cu ildə Aston Martin Lagonda sedanını təqdim edərək subbrendin dirçəldiləcəyi bildirsə də, layihə yarımçıq qalıb. 2014-cü ildən başlayaraq Aston Martin əsasən ərəb şeyxləri üçün nəzərdə tutulan Lagonda Taraf sedanı kiçik partiyalarla istehsal edir.
5,4 metrlik sedan 700 min funt-sterlinqdən başlayan qiymətlərlə satılır və V12 mühərriki ilə təchiz edilir.