Bu yaxınlarda Daimler AG konserni Aston Martin şirkətinin 20 fazilik səhm paketini əldə edərək, Britaniya istehsalçısının ən böyük səhmdarına çevrilib. Məlum məsələdir ki, britaniyalılar yeni unifikasiya imkanlarını nəzərə alaraq, təklif etdikləri model çeşidinin inkişaf strategiyasını yenidən nəzərdən keçiriblər. Rəsmi olaraq, yeni plan hələlik ictimaiyyətə açıqlanmasa da, “Autocar” nəşrinin jurnalistləri bu planın əsas məqamları haqqında məlumatı əldə etməyə müvəffəq olublar.
Aston Martin Valhalla
Şirkət mövcud olan çeşidi ixtisara salmaq və ya təcili olaraq modernləşdirmək fikrində deyil - modellər planlaşdırılmış yeniləmələr də nəzərə alınmaqla, onlar üçün müəyyən olunmuş istehsal dövrünü başa vuracaqlar. Ancaq yaxın gələcəkdə buraxılması planlaşdırılan modellər “bıçağın altına” düşüblər.
Məsələn, 2019-cu ildə Cenevrə Avtomobil Sərgisində konsept formatında çıxış edən ortamühərrikli Aston Martin Valhalla superkarı əvvəlcədən ödənişli sifarişlər qəbul edilməsinə baxmayaraq, yenidən işlənilməyə göndərilib. 3.0-litrlik V6 mühərrikinə əsaslanan hibrid qurğusunun layihəsi dondurulub və hazırda Aston Martin mühəndisləri Valhalla modelini AMG qurğularına adaptasiya etməklə məşğuldurlar. Çox güman ki, söhbət V8 mühərrikinə əsaslanan E Performance sistemindən gedir. Aston Martin Valhalla superkarının seriya variantının debütü 2023-cü ilə qədər təxirə salınıb.
Aston Martin DBS Superleggera
Eyni güc qurğusu ön mühərrikli klasik Aston Martin modellərində - Vantage, DB11 və DBS Superleggera sportkarlarında da quraşdırılacaqdır. Ancaq bu dəyişiklik 2023-cü ildən tez baş verməyəcəkdir. Eyni zamanda, ilk Aston Martin hibridi 2021-ci ildə debüt etməlidir - "yumşaq" hibrid olacaq DBX krossoveri altısilindrli AMG turbomühərriki (təxminən 430 at qüvvəsi) və startyor-generatoru əldə edəcəkdir. Sırf elektrik ötürməsi ilə hərəkət edə bilən qoşulan Aston Martin DBX hibridinin debütü 2023-cü ilə planlaşdırılıb.
Aston Martin markasını daşıyan elektromobillərin 2025-ci ildə debüt edəcəyi gözlənilir. Üstəlik bu, həm krossover həm də idman avtomobili olacaqdır! Elektrokarlar bu yaxınlarda təqdim olunan Mercedes-Benz EQS liftbekinin əsasını təşkil edən Mercedes-Benz MEA platformasında inşa ediləcəkdirlər. Elektromobillər Geydon şəhərindəki Aston Martin zavodunda istehsal ediləcəkdirlər.
Aston Martin DBX
Nəhayət, şirkət hələ də Lagonda markasını canlandırmaq istəyir, lakin bu markanın konsepsiyası dəyişəcəkdir. Orijinal modellər, çox güman ki, artıq olmayacaqlar və bunun əvəzinə Lagonda markası altında Aston Martin modellərinin ən dəbdəbəli və bahalı versiyaları buraxılacaqdırlar. Yəni, Lagonda bir növ Maybach markasının analoqu olacaqdır.
2030-cu ilədək Aston Martin markası altında istehsal edilən avtomobillərin 90 faizi hibrid və ya elektrokar olacaqdır. Qalan 10% isə daxili yanma mühərriklərini qadağan etməyə tələsməyən ölkələr üçün nəzərdə tutulub. Buna görə, brendin planlarında ekstremal Aston Martin DBX S krossoverinin buraxılması da var. Ekstremal krossover hibrid əlavəsi olmayan 630 at qüvvəli benzin mühərriki ilə hərəkətə gələcəkdir.