DBS Superleggera kupesi Aston Martin markasının flaqmanıdır. Ancaq hətta onun yeni reallıqda model xəttində qalmaq şansı çox azdır. İş ondadır ki, kupenin kapotunun altında gələcək ekoloji standartlara uyğun gəlməyən 5,2-litrlik V12 biturbo mühərriki (725 at qüvvəsi, 900 Nm) yerləşir və buna görə də model ömrünü başa vurmaq üzrədir.
DBS modelinin vida nəğməsi “vəhşi” DBS 770 Ultimate versiyası olacaqdır. DBX 707 modelində olduğu kimi, onun indeksdəki rəqəm güc qurğusunun pik hasilatına - 770 at qüvvəsinə işarə edir.
Aston Martin DBS 770 Ultimate modelində əsas diqqət daha çox dinamikaya yönəldiləcəkdir. Xüsusi kupenin tirajı 499 nüsxədən ibarət olacaq, onun təqdimatı isə, cari ilin əvvəlində keçirilməlidir. Maraqlıdır ki, əvvəl DBS modelinin 770 at qüvvəli versiyası olub - bu, DBS GT Zagato kolleksiya modelidir. Onu DB4 GT Zagato Continuation replikası ilə birlikdə 6 milyon funt sterlinqə satırdılar.
Məhdud buraxılışlı DBS 770 Ultimate kupesi sələfi AMB 001 modelinə əsaslanan AMB 001 Pro trek superbaykı ilə yaxşı cütlük təşkil etməlidir. Motosikl 2022-ci ildə yeni dizayna, təkmilləşdirilmiş aerodinamikaya və daha səmərəli V-twin mühərrikinə sahib olub. Baykın çəkinin gücə olan nisbəti hər kiloqrama 1,28 at qüvvəsi təşkil edir ki, bu da onu Formula 1 avtomobilləri ilə bir cərgəyə qoyur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.