Aston Martin şirkətinin rəhbəri Əndi Palmer, istehsal ediləcək ilk 1000 Aston Martin DB11 superkarının yığılma kefiyyətini şəxsən yoxlamaq fikrindədir. Bu barədə məlumatı o Twitter sosial şəbəkəsindəki səhifəsində dərc etmişdir.
Palmerin sözlərinə görə, min DB11 avtomobildən hər birinin mühərrikinə top-menecerin imzası olan xüsusi lövhəcik quraşdırılacaqdır.
Qalan superkarlar isə konveyerdə ənənəvi final yoxlama komandası tərəfindən nəzarətdən keçiriləcəkdirlər. Yeni superkar turbomühərriklə təchiz edilmiş ilk "Aston" olacaqdır.
Superkar 608 at qüvvəsi gücü olan 5,2-litrlik on iki silindirli mühərriklə, səkkiz pilləli avtomatik sürətlər qutusu, arxa oxda quraşdırılan özüqapanan differensial və dartma vektoruna nəzarət edən sistem ilə təchiz ediləcəkdir.

Superkar ilk 100 kilometr/saat sürətini toplamağa 3,8 saniyə sərf edəcəkdir. Onun maksimal sürəti isə 322 kilometr/saata bərabər olacaqdır. Aston Martin DB11 modelinin satışlarına bu ilin sonunda başlanacaqdır. Superkarın satış qiyməti 204,9 min avrodan başlayır.
Bir müddət bundan əvvəl, Aston Martin DB11 superkarının Bakıda keçirilmiş təqdimat mərasimi baş tutmuşdur. Artıq azərbaycanlı Aston Martin həvəskarları DB11 modelini yerli nümayəndəlik vasitəsi ilə sifariş edə bilərlər.